Çəhrayı sızanaq xəstəliyi

Çəhrayı sızanaq xəstəliyi

Çəhrayı sızanaq xəstəliyi

Rosacea çəhrayı sızanaq adı ilə tanınan üz dərisi xəstəliyidir. Əksər hallarda 30 yaşlarda, açıq dəri və göz rəngi olan qadınlarda yaransa da, daha gənc dövrdə və tünd dəriyə sahib insanlarda da rast gələ bilərik.

Çəhrayı sızanaq üçün xarakterik simptomlar

Çəhrayı sızanaq xəstəliyinin 4 formasını ayırd edirik. Hər birinin özünəməxsus simptomları vardır. Gəlin, qısaca nəzər salaq.

  1. Eritematotelangiektatik rosacea. Üz dərisində qızartı, kapilyarların nəzərəçarpan dərəcədə artması ilə gedir.
  2. Papulopustular rosacea. Qızartı ilə yanaşı ödem və sızanaq kimi dəyişiklikləri birlikdə müşahidə edirik.
  3. Fimatoz rosacea. Çəhrayı sızanağın bu növündə piy toxuması hesabına burun dərisi tədricən qalınlaşır və kobud quruluş alır.
  4. Okulyar rosacea. Bu zaman gözlərdə qızartı və qıcıqlanma, göz qapaqlarında şişkinlik yaranır.

Bunlardan başqa cehrayı sizanaq xəstələrinin üz dərisində quruluq, yanma, sancma, qaşınma, həssaslıq kimi əlamətlər də müşhidə edirik.

Çəhrayı sızanaq xəstəliyinin yaranma səbəbi

Çəhrayı sızanaq səbəbi tam məlum olmayan xəstəliklər sırasındadır. Lakin dermatoloq həkimlər ona təkan verən bir çox amilləri aşağıdakı kimi sıralayır.

Cehrayi sizanaq genetik faktorların təsiri ilə, anadangəlmə və qazanılmış immun sistemdə stimulyasiya və sinir-damar pozğunluqları nəticəsində formalaşır.

Müşahidələrə görə, çəhrayı sızanaq xəstələrinin üz dərisində demodeks gənəsi, mədəsində helicobacter pylori bakteriyasına tez-tez rastlanır.

Demodeks tük follikullarında yaşayan kiçik gənədir. Üz dərisi, xüsusən də alın, yanaqlar, burun qanadları, kirpiklər və xarici qulaq keçəcəyində olur. İnsanlarda demodeks invaziyalarını yaradan iki növ gənə vardır: demodex folliculorum və demodex brevis. Demodex folliculorum gənələri tük follikullarında və ya onun ətrafında yaşayır. Gözətrafı nahiyədə yayılmağa daha çox meyillidir, göz qapaqları və kirpiklərə təsir göstərir. Həm körpə, həm də yetkinlik dövründə ölü dəri hüceyrələri, yağlar və orada əmələ gələn hormonlar ilə qidalanır. Rosaceanın yaranmasında demodex folliculorum növünün iştirakı güman olunur. Lakin bu barədə tətqiqatlar hələ də davam edir.

  • Ətraf mühit faktorları. Rosaceaya təkan verən ən mühüm amil ultrabənövşəyi şüalardır. Hər növ istilik – günəş, isti hamam, sauna, spa, isti hovuz, fenləmə, ütüləmə, qida buxarı, isti yemək və içkilər, soba və bu kimi radiasiyalı qızdırıcıların istifadəsi stimullaşdırıcı təsir edir.
  • Ani temperatur dəyişikliklərinə məruz qalmaq. Çəhrayı sızanaq mövsümi iqlim dəyişikliyinə (soyuq, külək və s.), həddindən artıq soyuğa məruzqalma zamanı aktivləşə bilər. Ona görə də rosacea xəstələri üzlərini soyuq və şaxtalı havada örtməlidir.
  • Alkoqol cehrayi sizanaq ataklarını artıran amillərdəndir. Tərkibində spirt olan istənilən vasitə təkanverici rol oynaya bilər.
  • Qida amili. Aşağıdakı qidalar çəhrayı sızanağı stimullaşdırır.
    • Hisə verilmiş, ədviyyatlı, hazır qidalar, pendir.
    • Niasinlə zəngin qidalar (qaraciyər, hinduşka, somon balığı, fıstıq və s.)
    • Kapsaisin tərkibli qidalar (bibər növləri, acı souslar və s.)
    • Tərkibində sinnamaldehid olan qida məhsulları (pomidor, sitrus meyvələri, darçın, şokolad və s.)
  • Stress, psixososial amillər çəhrayı sızanaq atakına səbəb ola bilər.

Çəhrayı sızanaq xəstəliyinin diaqnostikası

Cehrayi sizanaq diaqnozu üçün xüsusi bir analiz yoxdur. Əksər hallarda dermatoloqun vizual müayinəsi kifayət edir. Bununla yanaşı rosacea ilə qarışdırıla bilən, oxşar simptomları olan sızanaq, ekzema, psoriaz kimi müxtəlif xəstəlikləri istisna etmək üçün bəzi müayinələr lazım gələ bilər.

Çəhrayı sızanaq müalicəsinin ümumi gedişatı

Çəhrayı sızanaq müalicəsində vahid yanaşma vacibdir. Dermatoloq ilk növbədə, xəstəliyin diaqnozunu qoymalı və dəridə demodeks parazitlərinin olub-olmadığını yoxlamalıdır. Müalicəyə əlavə olaraq, müşayiət olunan xəstəlikləri qiymətləndirmək və təkanverici faktorlardan qaçınmaq çox vacibdir.

Cehrayi sizanaq xroniki bir xəstəlikdir. Kəskinləşmə və remissiya dövrləri ilə getdiyi üçün müalicənin əsas məqsədi kəskinləşmələri yüngülləşdirməkdir.

Xəstəlik səbəbindən yüksək stress və ya psixoloji gərginlik keçirən şəxslərə psixiatr konsultasiyası yaxşı olar.

Çəhrayı sızanaq təkrarlanan xəstəlik olduğundan, xəstənin maarifləndirilməsi çox vacibdir. Ona zaman-zaman kəskinləşmələrin ola biləcəyi, hazırkı müalicələr ilə tam sağalmanın mümkün olmadığını bildirmək və xəstəyə təkanverici amillər barədə məlumat vermək lazımdır.

Çəhrayı sızanaq müalicəsinə detallı baxış

Çəhrayı sızanaq müalicəsini topikal (yerli), dərman və prosedur tətbiqi olmaqla 3 növə ayırmaq olar. Topikal müalicəni üstünlük təşkil edən dəri zədələnməsinə uyğun şəkildə aparırıq. Əgər eritema varsa, durulaşdırılmış botoks, lazer və işıq sistemlərindən istifadə edirik. Propronalol və karvedilol kimi beta-blokerlər də səpgi ataklarını azaldır.

Papula və pustula olduqda metronidazol, ivermektin, natrium-sulfasetamid, klindamisin, tetrasiklin, pimekrolimus, takrolimus, tretinoin, doksisiklin kimi oral antibiotik və parazitəleyhinə vasitələrdən istifadə edirik. Bu müalicələrdən fayda görməyən xəstələrdə tərkibində A vitamini olan izotretinoin effektivdir. Həmçinin piy vəzi hüceyrələrinin çoxalmasının qarşısını alır və onların sayını azaldır. Xüsusilə də fimatoz formada burun böyüməsi zamanı faydalıdır. O, həmçinin, papulopustulyar, okulyar cehrayı sizanaq tiplərində müsbət təsir göstərir.

Demodeks varsa, bu parazit üçün ivermektin, permetrin və çay ağacı yağı kimi preparatların tətbiqi faydalıdır.

İvermektin son illərdə istifadə edilən ən təsirli rosacea preparatlarından biridir. Həm iltihabı aradan qaldırmaq, həm də demodekslərə antiparazitar təsir göstərməyə kömək edir. Müalicənin əvvəlində yanma, quruluq və qıcıqlanma hissi yaranır və nəmləndirici kremlər tətbiq etməklə bu təsir zamanla azalır.

Çay ağacı yağı son zamanlar getdikcə çox istifadə olunan təbii bitki mənşəli məhsuldur. Durulaşdırılmış konsentrasiyada (1-5%) hazırlanmış losyonlar və kremlər demodex gənələrini öldürür və rosacea müalicəsində çox faydalıdır. Tərkibində çay ağacı yağı olan göz şampunları da mövcuddur və kirpik kökü demodekslərini təmizləmək üçün istifadə olunur. Çay ağacı yağı qıcıqlandırıcı xüsusiyyətə malikdir deyə onu durulaşdırmadan birbaşa tətbiq etmək olmaz.

Həmçinin təklif olunur ki, C vitamininin (L-askorbin turşusu) topikal istifadəsi rosacea eritemasında obyektiv və subyektiv azalma təmin edir. Onun müntəzəm istifadəsi aktivləşmə baxımından qoruyucu təsir yarada bilər.

Hipertoniya müalicəsində istifadə edilən beta-blokerlər qızartı tutmaları olan və ya qızartıların qalıcı olduğu xəstələrə faydalıdır. Bu dərmanların təsir mexanizmi dəridə kapilyarların saya əzələlərindəki beta-adrenergik reseptorları bloklamaq və nəticədə damarı daraltmaqdır.

Çəhrayı sızanaq müalicəsində kosmetoloji tətbiqlər

Bu prosedurlar intradermal botulinum toksin A, lazer və işıq mənbələri, xüsusilə fimatoz formanın müalicəsində tətbiq edilən cərrahi əməliyyatlar – dermabraziya və koterizasiyanı

Çəhrayı sızanaqda psixoloji müalicə nə dərəcədə vacibdir?

Cehrayi sizanaq xəstələri psixoloji cəhətdən çox sarsıla, stress, narahatlıq və depressiyaya düşə bilərlər. Onlar üçün antidepresant və anksiolitik müalicələr faydalıdır və atakların azalmasına kömək edir. Buna görə də psixiatr konsultasiyası çox vacibdir.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!