Bədəndə və Cinsi Orqanda Qaşınma Səbəbləri və Müalicəsi

Bədəndə və Cinsi Orqanda Qaşınma Səbəbləri və Müalicəsi

Qaşınmanın Səbəbləri

Bədəndə qaşınma tez-tez rast gəlinən şikayətlərdən biridir və müxtəlif səbəblərdən meydana çıxır. Səbəblərə allergiyadan tutmuş daxili orqanların xəstəliklərinə qədər geniş bir siyahı daxildir. Qaşınan dəri normal, qızartılı və ya səpgili ola bilər. Bədəndə qaşınmanın yaranma səbəblərinə daxildir: həşərat sancmaları, dərinin quruluğu, səpgilər, bəzi özünəqulluq vasitələri, kimyəvi maddələr, infeksiyalar, dərman və qidanın törətdiyi allergiya, səthi dəri infeksiyaları, atopik – dermatit, hamiləlik, öd yollarınn obstruksiyaları, böyrək xəstəlikləri, dəmir defisitli anemiya, parazitlər, psoriaz, seboreyalı dermatit, sinir-psixoloji gərginliklər.

Bədəndə qaşınmanın diaqnostikası

Dermatoloqa müraciət edərkən bədəndə qaşınmanın xarakteri, nə vaxt başlaması, rastgəlmə tezliyi, yeri, nə ilə əlaqədar olması, nə vaxt itməsi, qəbul edilən dərmanların siyahısı barədə suallara cavab verməsi vacibdir. Bu, müalicənin səmərəsinə və düzgün istiqamətdə getməsinə kömək edir. Həmin şikayətlər zamanı, ilk növbədə, allerqoloq və ya dermatoloqa müraciət etmək məsləhətdir. Qaşınma allergiya və ya dəri problemləri ilə əlaqədar deyilsə, xəstəliyin müalicəsi üçün başqa ixtisas həkiminə üz tutmaq lazımdır.

Bədəndə qaşınmanın müalicəsi

Bədəndə qaşınmanı müalicə etmək üçün əvvəlcə səbəbini tapmaq lazımdır. Qaşınmanı aradan qaldıran vasitələri aşağıdakı kimi qruplaşdıra bilərik:

Qaşınma üçün kortikosteroid mazlar və məlhəmlər: həkim bədəndə qaşınma və qızartı üçün yalnız zərurət yarananda təyin edə bilər.

Qaşınma üçün digər mazlar və məlhəmlər: buraya kalsineurin inhibitorları daxildir. Bundan əlavə, yerli anestetiklər, kapsaisin və doksepin ilə qaşınmanı yüngülləşdirmək olar.

Ağızdan qəbul edilən dərmanlar: tərkibində fluoksetin və sertralin aktiv maddələri olan antidepressantlar bəzi xroniki qaşınma növlərini aradan qaldırmağa kömək edir.

İşıq terapiyası (fototerapiya): dərini xüsusi tezlikli işığa məruz qoyaraq müalicə etmək məqsədi daşıyır. Qaşıntı keçənə qədər bir neçə seans təyin edilə bilər.

Cinsi orqanda qaşınma

Cinsi orqanda qaşınmanın əsas səbəblərini aşağıdakı kimi sıralaya bilərik:

1. Cinsi yolla keçən xəstəliklər

Əsasən trixomoniaz, qonorreya, genital ziyillər və s. şiddətli qaşınmaya səbəb ola bilər. Bu zaman cinsi orqanda qaşınmanın müalicəsi birbaşa müvafiq xəstəliklərin aradan qaldırılmasına bağlıdır.

2. Cinsi orqanda göbələk xəstəliyi

Cinsi orqanda qaşınmanı, adətən kandida göbələyi yaradır. Daha çox qadınlarda rastlanır. Hər 4 qadından 3-ü həyatında bir dəfə də olsa bu xəstəliyə yoluxur.

3. Hamiləlik genital bölgədə qaşınmaya səbəb ola bilər.

4. Klimaks (menopauza) dövründə esterogen hormonunun azalması səbəbindən vaginal divarlar nazikləşir və quruyur. Bunun həssaslığı artırıb qaşınma yaratması mümkündür.

Cinsi orqanda qaşınmanın müalicəsi

Cinsi orqanda qaşınmanın müalicəsini yenə də səbəbə uyğun edirik. Zöhrəvi xəstəliklər ilə bağlıdırsa, daxilə preparat təyin etməyimiz mütləqdir. Əksər hallarda həm dərman, həm də xaricə qaşınma üçün mazlardan istifadəyə ehtiyac olur. Məsələn, göbələk infeksiyası zamanı flukanozol tərkibli tablet və ya mazlar effektivdir. Trixomoniaza qarşı metronidazol tərkibli tablet və maz, xlamidioz zamanı isə daha çox antibakterial müalicə tətbiq edirik. Cinsi orqanda qaşınmanın müalicəsi bitənə qədər cinsi əlaqədə olmaq məsləhət deyil. Həmçinin müalicəyə partnyorların hər ikisi cəlb olunmalıdır.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!