Əldə və Ayaqda Zöhrəvi xəstəliklər

Zöhrəvi xəstəliklər

Zöhrəvi xəstəliklər

Zöhrəvi xəstəliklərin yoluxma yolları

Zöhrəvi  xəstəliklər cinsi əlaqə və ya yaxın bədən təması ilə ötürülən infeksiyalardır. Cinsi azadlıq, ilk cinsi əlaqənin erkən yaşda olması və çoxsaylı partnyor zöhrəvci xəstəliklərin tezliyinin artma səbəblərindəndir. Bu mövzuda məlumatsızlıq, maarifləndirmənin azlığı, utanma, mühakimə olunma kimi səbəblərlə kömək istəməmək də cinsi yolla keçən infeksiyaların yayılmasını asanlaşdırır. Qoruyucudan istifadə bəzi zöhrəvi xəstəliklərin yoluxmasının qarşısını alır, bəzisini isə xeyli azaldır. Təəssüf ki, qoruyucu olmayan yerlərdə dəri təması səbəbindən yoluxma əksər halda qaçınılmaz olur. Məsələn, genital ziyil, herpes, sifilis, qoturluq, qasıq biti və s. zamanı. Narkomanların ortaq iynədən istifadəsi zöhrəvi xəstəliklərin başqa bir ötürülmə yoludur. Bu xəstəliklər anadan körpəyə də keçə bilər.

Kimlər zöhrəvi xəstəliklərə yoluxur?

Zöhrəvi xəstəliklər ilə hər kəs xəstələnə bilər. Çox vaxt bir insana baxıb onda zöhrəvi xəstəliyinin olub-olmadığını bilmək çətindir. Bəzən onu yoluxduran adamın da bundan xəbəri belə olmur. Təəssüf ki, cinsiyyət, yaş, sosial-iqtisadi vəziyyət, təmiz və vasvası olmaq, cinsi əlaqənin növü zöhrəvi xəstəliyə yoluxma riskini dəyişmir.

Zöhrəvi xəstəliklərin növləri və diaqnostikası

20-dən çox zöhrəvi xəstəlik vardır. Ən çox rastlananlar:

  • Genital ziyil
  • Genital herpes
  • Sifilis
  • Qoturluq
  • Qasıq biti
  • Xlamidiya, qonorreya və digər sidik yolu infeksiyaları
  • HİV/QİÇS

Zöhrəvi xəstəliyin olub-olmadığını yalnız bir həkim-mütəxəssis başa düşə bilər. İxtisas sahəsi dermatoveneroloqdan kömək ala bilərsiniz. Əgər sizdə və ya partnyorunuzda aşağıdakılardan hər hansı biri varsa, mütləq həkimə müraciət etməlisiniz:

  • Vagina və ya penisdən axıntı
  • Genital nahiyədə qızartı, qabıqlanma və ya şişkinlik
  • Genital nahiyədə qaşınma və ya ağrı
  • Bulanıq, fərqli qoxuya malik sidik və ya sidiyəgetmə zamanı yanma, ağrı
  • Cinsi orqan nahiyəsində, anus ətrafında, ağız, boğazda maye ilə dolu qabarcıq və ya yaralar.

Yuxarıda göstərilənlərdən hər hansı biri qarının aşağı hissəsində ağrı, narahatlıq hissi və ya hərarətin yüksəlməsi, limfa düyünlərində şişkinlik, halsızlıq ilə müşayiət olunursa, gecikmədən mütəxəssisə müraciət etməlisiniz.

Bəzi insanlarda, xüsusən də qadınlarda bu infeksiyalar heç bir əlamət göstərməsə belə yenə də yoluxucudur. Buna görə də illik zöhrəvi xəstəlik müayinəsi və lazımi analizlər aparılmalıdır.

Əgər sizdə bu xəstəliklərdən olduğunu düşünürsünüzsə, utanmaq, qorxmaq və ya günahkar hiss etmək lazım deyil. Zöhrəvi xəstəliklər olduqca geniş yayılmış infeksiyalardır və öz-özünə sağalmır. Buna görə həkimə müraciəti gecikdirməyin. Xəstəlik aşkarlanarsa, həkim ilə sizin aranızda qalır.

Zöhrəvi xəstəliklərin müalicəsi

Bakteriyaların səbəb olduğu zöhrəvi xəstəliklərin müalicəsi ümumilikdə daha asandır. Viral infeksiyaların bəziləri müalicə edilə bilər, lakin hər viral xəstəliyin müalicəsi yoxdur. Zöhrəvi yolla yoluxan xəstəlik daşıyan bir hamilə dərhal müalicə alaraq uşağın infeksiyaya yoluxma riskinin qarşısını ala və ya azalda bilər. Antibiotiklər ümumilikdə tək dozada qonorreya, sifilis, xlamidiya və trixomoniaz daxil olmaqla bir çox bakterial və parazitar infeksiyanı müalicə edə bilər.

Müalicəni bitirdikdən və yaraların sağalmasından 1 həftə sonraya qədər cinsi əlaqədən uzaq durmaq vacibdir. Təkrarlanan infeksiya ehtimalı yüksək olduğu üçün qadınların təxminən üç ay ərzində təkrar müayinəsi məsləhətdir.

Herpes  və ya HİV kimi viral xəstəliklərdə antiviral dərmanlar təyin edirik. Bununla daha az herpes riskinə sahib olunsa da cinsi partnyora herpes yoluxdurma ehtimalı mövcuddur. Antiviral dərmanlar HİV infeksiyasını illərcə kontrol altında saxlaya bilir. Tamamilə yox edilmədiyi üçün virus daşınır və risk az olsa da yoluxuculuq qalmağa davam edir.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!