Dermatologiya haqqında bilmədikləriniz

Dermatologiya

Dermatologiya

Ən böyük orqanımızın dəri olduğunu bilirdinizmi? Bəli, doğru oxudunuz. Dəri özünəməxsus quruluş və funksiyalara malik bir orqandır. O, ən əsası orqanizmi xarici təsirlərdən qorumaq və istiliyi balansda saxlamağı təmin edir. Dəri və onun törəmələrinin (tük, dırnaq, tər vəziləri) xəstəlikləri və müalicəsini dermatologiya elmi öyrənir. Buraya ağız boşluğu selikli qişası xəstəlikləri və cinsi yolla keçən infeksiyalar da daxildir. Həmçinin dərinin sağlam və gözəl görünməsini təmin etmək də məhz dermatologiyaya aiddir.

Dermatologiya sahəsində ixtisaslaşmış həkim isə dermatoloq adlanır. Dermatoloqlar saçınız, dəriniz və dırnaqlarınızla yanaşı, onlar selikli qişalara (burnunuzu, ağzınızı və göz qapaqlarınızı əhatə edən zərif toxuma) təsir edən xəstəliklərin də diaqnostika və müalicəsi ilə məşğul olurlar.

Dermatologiya hansı xəstəlikləri əhatə edir?

Dəri xəstəliklərindən bəzilərinin qarşısını sadə dərman vasitələri ilə qısa zamanda alırıq. Bəziləri isə uzunmüddətli müalicə tələb edir. Gəlin, birlikdə dermatologiyada müalicə etdiyimiz əsas xəstəliklərə nəzər salaq:

  • Sızanaqlar (akne)
  • Qaşınma (pruritus)
  • Parazitar dəri xəstəlikləri (bit, qoturluq və s.)
  • Göbələk xəstəlikləri (əl, ayaq, dırnaq, genital nahiyə və s.)
  • Ekzema (kontakt dermatit, seboreyalı dermatit və s.)
  • Psoriaz, qırmızı yastı dəmrov və oxşar xəstəliklər
  • Saç xəstəlikləri (kəpək, baş dərisinin ekzeması, genetik saç tökülməsi və s.)
  • Behçet xəstəliyi
  • Bulloz xəstəliklər
  • Dərinin xoşxassəli və bədxassəli şişləri
  • Piqmentasiya pozğunluqları (günəş ləkələri, vitiliqo, çillər və s.)
  • İnfeksion-yoluxucu xəstəliklər (məxmərək, suçiçəyi, skarlatina və s.)
  • Allergik xəstəliklər (həşərat sancması, qida və dərman allergiyası və s.)
  • Cinsi yolla keçən xəstəliklər (genital ziyil, sifilis və s.)
  • Hirsutizm (həddindən artıq tüklənmə)
  • Hiperhidroz (həddindən artıq tərləmə)
  • Döyənək (mazol) və ziyillər
  • Xallar
  • Dəri-damar xəstəlikləri
  • Dodaq, dil və ağız boşluğu xəstəlikləri (aft, herpes və s.)
  • Psixoloji mənşəli dəri xəstəlikləri
  • Sistem xəstəliklərinin dəri təzahürləri (qırmızı qurdeşənəyi, sklerodermiya və s.)
  • Genetik dəri xəstəlikləri
  • Fiziki amillərdən yaranan xəstəliklər (istilik yaxud soyuğa reaksiyalar, yad cisim reaksiyaları və s.)

Xəstəliklər ilə tanış olduq, indi keçək bəzi dermatoloji diaqnoz və müalicə üsullarına.

Dermatologiyada əsas diaqnoz üsulları:

Dermatoskopiya

Bu üsul ilə xal, dəri xərçəngi, piqmentsiz patoloji dəyişikliklər, dəri parazitləri, şişləri və damar proplemlərini təfərrüatlı şəkildə müayinə edirik.

Dəri biopsiyası

Biopsiya zamanı şübhəli diaqnozu təsdiqləmək üçün xəstəlik sahəsindən müxtəlif ölçülü parçalar götürürük. Proseduru lokal anesteziya ilə həyata keçirir və alınan materialı histopatoloji analizə göndəririk. Dəridəki patoloji dəyişikliklər toxuma səviyyəsində təhlil edilir.

Allerqoloji sınaqlar

Prik və Patch testləri şəxslərdə allergiyanın nəyə qarşı olması və ağırlıq dərəcəsini qiymətləndirməyə kömək edir.

Mikroskopik müayinə

Göbələk infeksiyası kimi bəzi xəstəliklərə mikroskop vasitəsilə diaqnoz qoymağa ehtiyacımız olur.

Bədən xallarının tədqiqi (Body mole mapping)

Bu, sağlam insanların da müntəzəm etməli olduğu müayinədir. Xüsusi kamera və dermoskopik linzalar ilə bədənin xal xəritəsini çıxarırıq. Prosedur ağrısızdır və dəri xərçənginin erkən diaqnozunda böyük əhəmiyyət daşıyır.

Dermatologiyada əsas müalicə üsulları

Dərman müalicəsi

Bir çox hallarda xəstəliyin növündən asılı olaraq daxilə, xaricə yaxud hər ikisinin qarışığından ibarət müalicə təyin edirik. Daxilə qəbul üçün nəzərdə tutulan vasitələrə antifunqal (göbələkəleyhinə), antibakterial (bakteriyaya qarşı), antiparazitar (parazitləri öldürən) və steroidlər kimi preparatlar aiddir. Xaricə təyin etdiyimiz müalicəyə isə məlhəm və kremlərin dəriyə çəkilməsini misal göstərmək olar. Bəzən dərmanları inyeksiya yolu ilə dərinin patoloji dəyişikliyə məruz qalan nahiyəsinə yeridirik.

Fototerapiya

İşıq terapiyası anlamını daşıyan bu üsulu ultrabənövşəyi işıq spektrinin köməyi ilə həyata keçiririk. Səbəbi bilinməyən qaşınma, vitiliqo, psoriaz, yenidoğulmuşların sarılığı və s. xəstəliklərin müalicəsinə kömək edir.

Dermatoloji cərrahiyyə

Dermatoloji cərrahiyyənin əsas məqsədi dəri toxumasını bərpa etmək və onun estetik görünüşünü yaxşılaşdırmaqdır. İstifadə etdiyimiz tətbiqlərin əksəriyyəti minimal invaziv prosedurlardır. Onları adətən yerli keyitmə ilə həyata keçiririk. Dermatoloji cərrahiyyə prosedurlarına krioterapiya, elektrokoterizasiya, dəri xərçəngi, kista və xoşxassəli şişlərin cərrahi müalicəsi və s. daxildir.

Krioterapiya

Dəridə olan zədələrin müalicəsi üçün tətbiq etdiyimiz dondurma texnikasıdır. -196 dərəcəli maye azot vasitəsilə müxtəlif dəri xəstəliklərini müalicə edirik. Buraya ziyil, dəri xərçəngi, döyənək, günəş ləkələri və s. daxildir.

Elektrokoterizasiya

Elektrik cərəyanının köməyi ilə patoloji toxumanı müalicə etmək, həmçinin qanaxmanı dayandırmaq üçün istifadə etdiyimiz yandırma üsuludur. Yağlı hiperplaziya, ziyil, piogen qranuloma kimi xəstəliklərin müalicəsində tətbiq edirik.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!