Aktinik keratoz günəş təsirindən zədələnmiş dəridə tədricən inkişaf edir, ona kobud, pullu, yamaqşəkilli görünüş verir. Seboreya keratozu ilə qarışdırılması mümkün olan bu xəstəliyin digər adı solar keratozdur.
Ultrabənövşəyi şüalara məruz qalma nəticəsində dəri hüceyrələrinin zədələnib anormal inkişafı aktinik keratoz ilə nəticələnir. Bu, xərçəngönü vəziyyət hesab olunur.
Aktinik keratozun yaranma səbəbləri
Aktinik keratozun ən geniş yayılmış yaranma səbəbləri və risk faktorlarına aşağıdakılar daxildir:
- UB (ultrabənövşəyi) şüaların səbəb olduğu dəri xəstəlikləri
- Həssas dəri növü
- Yaşlılıq
- İrsi meyillik
- Siqaret çəkmək
- İmmunosupressiv dərmanların davamlı şəkildə istifadəsi
Aktinik keratoz necə təzahür edir?
Heç bir xüsusi narahatlığa səbəb olmadığı üçün əksər insan bu xəstəlikdən xəbərsiz ola bilər. İlk baxışda nahamar, hərdən pullanan yamaqlar şəklində görünür. Sayı, adətən birdən çox olur. Qırmızı-çəhrayı, ət rəngli, qəhvəyi yaxud rəngsiz ola bilər. Yeni yaranmağa başlayanda ləkə formasında görünür. Bəzən göz ilə görmək çətin ola bilər, ancaq əl ilə toxunduqda nahamarlıq aydın hiss olunur. Aktinik keratoz dodaqlarda olduqda ona aktinik xeylit deyilir. Dodaqda quruluq, çat və qabıqlanmalara səbəb olur. Günəş işığına çox məruz qalan nahiyələrdə – üzdə ən çox burun, yanaqlar, alt dodaqlar, alında, sinə, əllərin üstü və ayaqlarda müşahidə edilir. Xəstələr, adətən açıq dərili insanlardır. Uzun müddət açıq havada işləyən və günəşdən qorunmayan insanlarda yaranma ehtimalı çox yüksəkdir.
Günəş keratozları yastı hüceyrəli karsinoma adlanan dəri xərçənginə çevrilə bilər. Ondan artıq aktinik keratozu olanlarda bu xərçəngin yaranma tezliyi təxminən 10-15% təşkil edir. İnsanlarda narahatlığa səbəb olduğuna və dəri xərçənginə çevrilə bilmə ehtimalına görə mütləq dermatoloq tərəfindən müalicə edilməlidir. Dəridəki aktinik keratozlar qalınlaşırsa və ya üzərində yaralar varsa, müayinəsi olduqca vacibdir. Xəstəlik bəzən bazal hüceyrə xərçənginə və ya melanomaya da çevrilə bilər. Buna görə dermatoloq tərəfindən nəzarətdə saxlanmalıdır.
Aktinik keratozun diaqnostikası
Aktinik keratoz tipik dəri dəyişiklikləri ilə əlaqəli olduğundan, bu simptomlara əsaslanan diaqnoz, adətən uğurlu olur. Dəridə göz ilə görünən dəyişikliklər yaranmamışdan əvvəl toxunduqda nahamar, kobud quruluş hiss edilir. Bununla yanaşı aktinik keratoz xüsusilə erkən mərhələlərdə digər dəri xəstəliklərinə bənzəyir. Diaqnoz zamanı dəri dəyişikliklərinin digər səbəblərini istisna etmək vacibdir. Bu səbəblərə aşağıdakılar aid edilə bilər:
- Yaşlılıq ləkələri
- Ziyillər
- Göbələk infeksiyası
- Ekzema (dəridə şiddətli qaşınmaya səbəb olan, qızartı, şişkinlik və s. kimi simptomlarla müşayiət olunan dəri xəstəliyi)
- Psoriaz
- Dəri xərçəngləri
Diaqnostik mərhələdə, adətən zədəli dəridən toxuma nümunəsi götürülür və mikroskop altında araşdırılır.
Aktinik keratozun müalicəsi
Aktinik keratozun müalicəsi üçün bir çox üsul vardır. Hansı metoddan istifadə etmək qərarını dermatoloq hər bir xəstəsi üçün fərdi olaraq verməlidir. Bu, müxtəlif amillərdən, o cümlədən təsirlənmiş dəri sahələrinin sayı və ölçüsü, əvvəlki xəstəliklər, xəstənin şəxsi istək və fikirlərindən asılıdır.
Beynəlxalq təlimatlar xəstəliyin müalicəsi üçün onu dörd yarımqrupa bölməyi tövsiyə edir:
- Bədənin bir nahiyəsində maksimum beş müəyyən edilə bilən dəri dəyişikliyi olan xəstələr;
- Bədənin bir nahiyəsində ən azı altı fərqli dəri dəyişikliyi olan xəstələr;
- Bədənin bir nahiyəsində ən azı altı dəri dəyişikliyi, xroniki UB zədəsi və kornifikasiyası olan xəstələr;
- Əlavə olaraq immun çatışmazlığı olan xəstələr (immun sistemi zəiflədən immunosupressiv preparatlardan istifadə edənlər).
İndi isə müxtəlif müalicə variantlarını nəzərdən keçirək.
Krioterapiya: Dəri maye azotun köməyi ilə dondurulur. Üz keratozu krioterapiyadan sonra 10 gün ərzində sağalır. Əlin üstündə bu müddət 3 həftəyə qədər çəkə bilər. Yüngül dondurma proseduru, adətən yara izi qalmadan sağalır. Lakin uzun müddət tətbiq edildikdə açıq rəngli çapıq əmələ gətirir. Keratozlar zamanla təkrarlana və yenidən müalicəyə ehtiyac yarana bilər.
Küretaj və koterizasiya: Qalın aktinik keratozda bu metoda üstünlük verilir. Keratozlar iti alətlə götürülür. Həmin toxuma patoloji müayinəyə göndərilə bilər. Koterizasiya keratozun tam müalicəsi və ya qanaxmanın dayandırılması üçün aparılır. Bərpası bir neçə həftə çəkir. Sonda yüngül çapıq qalır.
Cərrahi çıxarılma: Bu üsul ilə aktinik keratozlar bütünlüklə çıxarılır. Keratozun tamamilə aradan qaldırıldığını anlamaq üçün patoloji müayinə aparılır. Xüsusilə xərçəng şübhəsi olan xəstələrdə bu üsulun tətbiqi vacibdir. Patoloji toxuma çıxarıldıqdan sonra yeri, adətən tikilir. Çıxarılan sahənin ölçü və yerindən asılı olaraq tikişlər bir neçə gün ərzində sökülür. Əksər hallarda qalıcı iz buraxır.
5-Flüorourasil kremi: Bu müalicə üz nahiyəsində çoxsaylı aktinik keratoz olduqda xüsusilə faydalıdır. Krem 2-4 həftə ərzində gündə 1-2 dəfə zədələnmiş dəriyə çəkilir. Müalicə olunan hissə qırmızı və qabıqlı olur. Krem bitdikdə sağalma müşahidə olunur.
Fotodinamik terapiya: Porfirin adlı günəşə qarşı həssaslaşdırıcı maddə keratoz olan nahiyəyə əvvəlcədən tətbiq olunur. Sonra güclü bir işıq seli ilə şüalandırılır. Müalicəyə ehtiyacı olan patoloji toxumalarda yanıq əmələ gəlir. Bir neçə həftə ərzində sağalma baş verir.
