Əldə psoriaz (pullu dəmrov)

Psoriaz (pullu dəmrov) nədir?

Psoriaz (pullu dəmrov) nədir?

Psoriaz nədən yaranır?

Pullu dəmrov kimi tanınan psoriaz xroniki və sağalmaz bir xəstəlik olub dünya əhalisinin təxminən 1-3%-də rast gəlinir. Çox vaxt həyatın otuzuncu illərində başlasa da, doğulandan etibarən hər yaşda yarana bilər. 30% hallarda ailədə kimlərdəsə bu xəstəliyə rast gəlmək mümkündür.

Bəs psoriaz necə yaranır? Dəri hüceyrələri tərəfindən müxtəlif antigenlər sintez olunur. Bu antigenlər immunitet sistemini aktivləşdirir. Aktiv immun hüceyrələri dəriyə gəlir və orada hüceyrə çoxalması psoriaza xas pulların (lövhələr) əmələ gəlməsinə səbəb olur. Pullu dəmrov bədən tərəfindən öz hüceyrələrinə qarşı inkişaf edən bir xəstəlikdir. Bunlar autoimmun xəstəliklər adlanır.

Psoriazlı xəstələrdə immun sisteminin T-limfosit hüceyrələri aktivləşir və dəridə yığılmağa başlayır. Bu hüceyrələr toplandıqdan sonra bəzi dəri hüceyrələrinin həyat dövrü sürətlənir və bu onlar sərt lövhə struktru əmələ gətirir. Pullu dəmrov bu dəri hüceyrələrinin çoxalma prosesi nəticəsində yaranır.

Dəri hüceyrələri dərinin dərin qatlarında əmələ gəlir və yavaş-yavaş səthə doğru çıxır, müəyyən müddətdən sonra həyat dövrünü tamamlayaraq tökülür. Normalda dəri hüceyrələrinin həyat dövrü təxminən 1 ay çəkir. Psoriaz xəstələrində bu həyat dövrü bir neçə günə qədər qısala bilər. Həyat dövrünü tamamlayan hüceyrələr tökülməyə vaxt tapmır və bir-birinin üstünə yığılmağa başlayır. Bu şəkildə meydana gələn lövhələr xəstənin əllərində, ayaqlarında, boynunda, baş və ya üz dərisində, xüsusən də oynaq nahiyələrində görünə bilər.

Bəzi ətraf mühit və genetik faktorların psoriazın inkişafına təkan verə biləcəyi düşünülür. Bu amillərdən ən çox rast gəlinənləri:

  • Boğaz və ya dəri infeksiyası
  • Soyuq və quru iqlim şəraiti
  • Müxtəlif autoimmun xəstəliklər
  • Dəri travmaları
  • Stress
  • Tütün istifadəsi və ya siqaret tüstüsünə məruz qalma
  • Həddindən artıq spirt qəbulu
  • Steroid mənşəli dərmanların sürətlə dayandırılması
  • Qan təzyiqi və ya malyariya müalicəsi üçün istifadə edilən müəyyən dərmanların qəbulu.

Psoriaz (pullu dəmrov) xəstəliyinin növləri

Boyunda psoriaz (Pullu dəmrov) xəstəliyi
Boyunda psoriaz (Pullu dəmrov) xəstəliyi

Psoriazın bir neçə növü məlumdur. Əsaslarına nəzər salaq.

1) Vulqar psoriaz (Psoriasis vulgaris)

Pullu dəmrov xəstəliyinin növləri arasında ən çox yayılmış, xəstələrin təxminən 85%-ni təşkil edən növüdür. Qalın, qırmızı lövhələrdə boz və ya ağ səpgilər ilə xarakterizə olunur. Dəri dəyişiklikləri ən çox diz, dirsək, bel nahiyəsi və baş dərisində olur. Ölçüləri 1-10 santimetr arasında dəyişən bu yaralar bəzi insanlarda bədənin bir hissəsini əhatə edən ölçülərə qədər çata bilir.

2) Pustular psoriaz (Psoriasis pustularis)

Psoriaz xəstəliyinin ağır növlərindən biri olub adından da göründüyü kimi qırmızı rəngli pustula (suluq) kimi təzahür edir. Ovuclar və ayaqların altı kimi təcrid olunmuş bölgələr də daxil olmaqla bədənin bir çox yerində meydana gələ bilir. Bəzi insanlarda suluqların meydana gəldiyi hücum dövrü və remissiya dövrü tsiklik olaraq bir-birini izləyir. Kəskinləşmə dövründə qripəbənzər əlamətlər yaranır. Qızdırma, titrəmə, taxikardiya, əzələ zəifliyi və iştahasızlıq bu dövrdə baş verə biləcək əlamətlər arasındadır.

3) Damcıyabənzər psoriaz (Guttate psoriasis)

Psoriaz xəstəiyinin bu növü dəridə kiçik qırmızı, dairəvi səpgilər şəklində təzahür edir. Vulqar psoriazdan sonra ikinci ən çox rastlanan növüdür. Quttat psoriaz uşaqlıq və yeniyetmə dövründə başlayır. Gövdə və ətraflarda daha tez-tez çıxan səpgilər üz və baş dərisində də yarana bilər.

4) Bükülən səthlərin psoriazı (Flexural psoriasis)

Fleksural psoriaz, adətən dərinin qatlandığı döş, qoltuqaltı və qasıq dərisində baş verir. Yaranan dəri dəyişikliyi qırmızı rəngdə və parlaqdır. Büküşlərin nəmliyi səbəbindən səpgilər meydana gəlməyə bilər. Bəzi insanlarda bu vəziyyət bakterial və ya göbələk xəstəlikləri ilə qarışdırılır, buna görə diqqətli olmaq lazımdır.

5) Başda psoriaz (Pullu dəmrov)

Başda psoriaz tək şəkildə, tez-tez hallarda isə digər nahiyələrdəki psoriaz ilə: dizlər, dirsəklər, üz, dırnaqlar və s. yanaşı yarana bilər.

Başda psoriaz müxtəlif formalarda təzahür edir: saçlı dəri ilə üzün sərhədi, başın ortası, boyun və yaxud alın, qulaqların arxasına yayılmış və ya dəbilqəyəbənzər formada bütün başı örtmüş şəkildə ola bilir.

Başda psoriazın fiziki, psixoloji və sosial təsirləri vardır. Başı tez-tez qaşımaq başqaları tərəfindən nəzakətli qarşılanmır. Onların nəzərində bu, gigiyena çatışmazlığı ilə əlaqələndirilə bilər. Az adam bunun baş dərisinin psoriaz xəstəliyindən qaynaqlandığından xəbərdardır.

Başda pullu dəmrov saç tökülməsinə səbəb olurmu?

Yaxşı xəbər odur ki, saç tökülməsinə səbəb olmur. Saç teli qabıqanmanın içindən keçir və bu, onun böyüməsinə maneə törətmir. Üstəlik, baş dərisindəki psoriaz zədəsi qaşındıqda, pulcuqlar tökülür, lakin saçları tökmürlər.

Digər tərəfdən, baş dərisi tez-tez qıcıqlanır və saçlar daha kövrək olur, bunu da nəzərə almaq lazımdır.

6) Dırnaqda psoriaz

Dırnaqda psoriaz bu adda xəstələrin təxminən yarısının əl və ya ayaq dırnaqlarında rəng və forma ilə bağlı bəzi dəyişikliklərin meydana gəlməsi kimi ümumiləşdirilə bilər. Bu, keçicilik cəhətdən digər psoriaz növləri ilə eynidir. Yəni bir insandan digərinə yoluxmur.

Kosmetik problemdən daha artığı olan dırnaqda psoriaz xəstəliyi əl və ya ayaq dırnaqlarında qırılma, ovulma, deformasiya və rəng dəyişikliyinə səbəb ola bilər. Dırnaq göbələyinə bənzər simptomlar göstərdiyi üçün diaqnoz qoymaq çətin olur. Buna görə də onun tam müəyyən edilməsi üçün laboratoriya müayinəsi vacibdir.

Dırnaqda psoriaz zamanı müşahidə etdiyimiz bir neçə dəyişikliyə nəzər salaq.

Kiçik nöqtəşəkilli çökəkliklər

Dırnaqların üstü dırnaq lövhəsi adlanan sərt bir səthdən ibarətdir. Dırnaq psoriazı əl və ya ayaq dırnaqlarının bu hissələrində kiçik çuxurların əmələ gəlməsinə səbəb ola bilər. Bunların miqdarı və dərinliyi insandan-insana dəyişir.

Dırnaq altında sarı və ya qəhvəyi rənglərin dəyişməsi

Dırnaqda psoriazın başqa bir ümumi simptomu yağ ləkələridir. Adətən dırnaq sədəfindən yaranır və kənarlara doğru azalır. Bütün bunlar dırnaq altındakı dəri səthində yetişməmiş dəri hüceyrələrinin yığılmasının əlamətidir. Ancaq oxşar vəziyyət dırnaq göbələyində də baş verə bilər.

Dırnaqların ovulması

Dırnaq altında yığılan pulcuqlar zamanla dırnaq yatağını qaldırır. Bu, dırnaq sədəfinin qırılması ilə nəticələnir. Ağrı və həssaslıq ilə yanaşı dırnaqlarındakı pis görüntü pasiyentin ictimai həyatına mənfi təsir göstərə bilər.

Müalicəyə başladıqdan sonra xəstəliyin tamamilə yox olması adətən bir neçə ay çəkir.

Psoriaz müalicəsi

Qolda pullu dəmrov (Psoriaz) xəstəliyi
Qolda pullu dəmrov (Psoriaz) xəstəliyi

Psoriaz müalicəsinə qərar verərkən xəstənin şəxsi fikirləri nəzərə alınır. Uzunmüddətli olacağı üçün xəstənin müalicə planına əməl etməsi çox vacibdir. Bir çox xəstələrdə piylənmə, hipertoniya və hiperlipidemiya kimi metabolik problemlərə də rastlanır. Müalicəni planlaşdırarkən bu şərtlər nəzərə alınır. Xəstəliyin şiddəti və həyat keyfiyyətini pozub-pozmamasına görə həyata keçirilir.

Bədənin müəyyən bir bölgəsində lokallaşdırılmış hallarda uyğun dəri kremləri istifadə olunur. Çox vaxt tərkibində kortizon olan kremlərə üstünlük verilir. Dərini nəm saxlamaq üçün kremlər tövsiyə olunur. Hamilə qadınlar daha az təsirli kortizon kremləri və fototerapiya ilə müalicə olunur. Bundan əvvəl, mama-ginekoloqa müraciət edərək, müalicənin heç bir narahatlıq yaratmayacağı barədə əmin olmaq lazımdır.

Psoriaz üçün krem və dərman 

Psoriaz üçün tərkibində kortikosteroidlər olan krem, gel və ya sprey preparatları yüngül və ya orta dərəcəli psoriaz müalicəsində faydalı olur. Güclü kortikosteroid dərmanların uzun müddət istifadəsi ilə dərinin nazikləşməsi baş verə bilər. Uzunmüddətli istifadədə yaranan digər problem isə dərmanın təsirini itirməsidir.

Bəzi hallarda dermatoloq həkimlər tərkibində D vitamini olan dərmanlara üstünlük verir. Tərkibində D vitamini olan kremlər dəri hüceyrələrinin bərpası sürətini azaldır. Tərkibində kömür olan məhsullar krem, yağ və ya şampun formalarında istifadə etmək faydalıdır.

Əldə pullu dəmrov xəstəliyi

Şiddətli psoriaz hallarında fototerapiyaya əlavə olaraq sistemli şəkildə dərmanlar istifadə olunur və müalicəyə topikal kremlər əlavə olunur. Dərinin nəm və yumşaq olması vacibdir. Xüsusilə oynaq iltihabı və dırnaqların yoluxması hallarında sistemli dərman terapiyasına üstünlük verilir. Metotreksat, siklosporin, retinoidlər kimi tanınan A vitamini formaları və fumarat törəmələri kimi xərçəng dərmanları psoriaz müalicəsində istifadə edilən sistemli dərmanlar arasındadır. Sistemli müalicəyə başlanan xəstələrdə müntəzəm olaraq qan analizləri, qaraciyər və böyrək funksiyaları yaxından izlənməlidir.

Retinoid preparatları dəri hüceyrələrinin sintezinə maneə törədir. Nəzərə almaq lazımdır ki, psoriaza xas dəri dəyişiklikləri bu dərmanların istifadəsinin dayandırılması ilə yenidən baş verə bilər. Retinoid mənşəli dərmanlar dodaqların iltihabı və saç tökülməsi kimi müxtəlif yan təsirlərə malikdir. Hamilə qadınlar və ya 3 il ərzində hamilə qalmaq istəyən qadınlar baş verə biləcək anadangəlmə qüsurlara görə tərkibində retinoid olan dərmanlardan istifadə etməməlidir.

Stress psoriaz üçün vacib təkanverici faktordur. Həyatın gətirdiyi stresdən uzaq olmaq həm kəskinləşmələri azaltmaqda, həm də simptomları idarə etməkdə faydalıdır. Nəfəs məşqləri, meditasiya və yoqa təcrübələri stresə nəzarət üçün tətbiq edilə bilən üsullar arasındadır.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!