Saç tökülməsinin qarşısını almaq

Saç tökülməsi

Saç tökülməsi

Saç tökülməsi ən çox rastlanan dermatoloji problemlərdən biridir. Belə bir vəziyyət ilə qarşılaşmamaq üçün ilk növbədə yaşadığınız problemin səbəbini və növünü öyrənməlisiniz. Səbəblər isə çox müxtəlifdir: genetika ilə bağlılıqdan tutmuş vitamin-mineral çatışmazlığına qədər sadalamaq mümkündür.

Kişi tipli saç tökülməsi & PRP terapiya ilə müalicəsi

Sac tökülməsi norma daxilində olduqda saçımızın sağlamlığı üçün zəruridir. Zəifləmiş saçlar yenilənmək səbəbi ilə tökülür və saç köklərindən sağlamları çıxır.

Gün ərzində 100-dən çox tel tökülürsə, bu vəziyyət bir aydan çox davam edirsə, baş dərisində kəpək, sızanaq kimi dəyişikliklər varsa və xüsusilə 6 aydan artıq müddət keçibsə, mütləq bir dermatoloq həkimə müraciət etmək lazımdır.

Saçın inkişaf mərhələləri

Saçın inkişaf mərhələləri

Saçın inkişaf mərhələləri dedikdə saç tükünün özünəməxsus həyat dövrü – inkişaf fazalarını nəzərdə tuturuq. 4 mərhələni əhatə edir:

  • Anagen dövr. Bu, saçın böyümə müddətidir. Adətən 2-7 il davam edir.
  • Katagen dövr. Bu, tükün böyüməsinin dayandığı dövrdür. Bir neçə həftə çəkir.
  • Telogen dövr. Saç tökülməsi vaxtıdır. Bir neçə ay davam edir.
  • Exogen dövr. Exogen faza mahiyyətcə saç böyüməsinin telogen mərhələsinin bir hissəsidir. Exogen fazada gündə 50-100 arası saç tökülməsi müşahidə olunur.

Bəzi tüklər anagen fazada olsa da, digərləri katagen və yaxud telogen fazada ola bilər. Saç follikullarına da eynilə bu şəkildə müxtəlif mərhələlərdə rastlamaq mümkündür.

Normalda tük köklərinin 5-10%-i telogen dövrdə olur, yəni gündə təqribən 50-100 tük tökülür. Böyümə mərhələsindəki saçlar hər ay orta hesabla 1 sm uzanaraq bu fazanı tamamlayır. Daha sonra onlar dincəlir, yəni böyümə dayanır və 2-3 həftədən sonra tökülməyə başlayır.

Saç tökülməsini aradan qaldırarkən tüklər müxtəlif mərhələlərdə olduğu üçün müalicə müddəti 6-12 ay arasında dəyişə bilər.

Saç tökülməsinin hansı növləri var?

Saç tökülməsi, ilk növbədə hissəvi və diffuz olmaqla iki əsas hissəyə bölünür. Hissəvi sac tokulmesi zamanı baş dərisinin bütün tüklü sahəsi təsirlənmir, lakin müəyyən sərhədləri olan açıq nahiyələr şəklində tökülmə baş verir. Buraya ocaqlı, travmatik, dartma alopesiya – keçəlliyi aiddir. Məqaləmizdə diffuz saç tökülməsindən bəhs edəcəyik.

Bu tip sac tokulmesi müəyyən sərhədli boşluqlar şəklində deyil, saçın qalınlığının əhəmiyyətli dərəcədə azalması ilə meydana çıxan görünüşdür.

1) Telogen effluvium tipli saç tökülməsi

Telogen effluvium tipli saç tökülməsi
Telogen effluvium tipli saç tökülməsi

Telogen effluvium tipli saç tökülməsi uzun müddət davam edən yüksək hərarət, ağır xəstəlik, cərrahi əməliyyat, pəhriz tətbiqləri, ağır infeksiyaların təsiri ilə bədəndəki güclü stress fonunda yaranır. Bu saç tökülməsi diffuz, yəni yayılmış formada olur. Başın hər yerində saçların seyrəlməsi baş verir.

Telogen effluviumun ən çox rastlanan növlərindən biri qadınlarda hamiləlik ilə bağlı saç tökülməsidir. Hamiləlik dövründə hormonal dəyişikliklər hirsutizm, saç və baş dərisinin qalınlaşması, doğuşdan sonra telogen saç tökülməsi, androgen alopesiya kimi fizioloji dəyişikliklərə səbəb ola bilir.

Hamiləlik dövründə estrogen və progesteron hormonlarının artması və doğuşdan sonra onların azalması fizioloji dəyişikliklər yaradır. Onlar dəri və saçdakı steroid hormonlarına cavab verən reseptorlar qrupuna təsir göstərir. Həmçinin androgenlər, qlükokortikosteroidlər, tiroid hormonları, retinoidlər və deltanoidlər də həmin xüsusiyyətə malikdir.

Hamiləliyin 2-ci və 3-cü trimestrlərində saçın böyümə mərhələsi olan anagen faza nisbətlərində artım baş verir. Anagen faza nisbətinin artması gündəlik saç tökülməsinin azalması ilə nəticələnir. Hamiləlik dövründə saç sıxlığı son 3 ayda azalır və tükün qalınlığı artır, lakin saç uzanması yavaşlayır.

Doğuşdan sonrakı dövrdə isə bu nisbətlərin azalması və telogen fazasının artması saç tökülməsinə səbəb olur. Bu dövrdə norma ilə müqayisədə 2-3 dəfə çox tökülmə baş verir. Postpartum telogen effluvium diffuz tökülmə olsa da, ilk növbədə saçın alın və ön hissələrində nəzərə çarpır.

Qadınlarda sac tokulmesi doğuşdan 1-4 ay sonra başlayır və orta hesabla 6 ay, bəzən 1 ilə qədər davam edir. Qeyd edək ki, təkcə hormonal dəyişikliklər deyil, vitamin, dəmir və sink çatışmazlığı, stress də hamilə və südverən qadınlarda saç tökülməsinə səbəb olur.

2) Pəhriz ilə əlaqəli saç tökülməsi

Pəhriz ilə əlaqəli saç tökülməsi
Pəhriz ilə əlaqəli saç tökülməsi

Pəhriz ilə əlaqəli saç tökülməsinin bir neçə səbəbi vardır. Ən təsirlisi qida maddələrinin çatışmazlığıdır. Çünki bu, digər səbəblərlə müqayisədə pəhrizdə ən dominant vəziyyətdir.

Kalori qəbulu azalmaqla yanaşı, lazımi miqdarda vitamin, mineral və makromolekulların adekvat kombinasiyasını yaratmaq çətinləşir. Nəticədə, bütün digər hüceyrələr kimi, dəridəki saç kökləri də “tikinti materiallarının” istifadəsi, idarə edilməsi və adekvatlığı ilə bağlı problemlər yaşayır.

Bizim follikul dediyimiz saç kökləri, saçı meydana gətirən, töküldükdə yenidən böyüməsini təmin edən strukturlardır və digər dəri hüceyrələrindən fərqlidirlər. Onların çox sürətli bir inkişaf dövrü var. Həmin fazalardan sürətli keçmək lazm olduğu üçün makro- və mikroelement çatışmazlığına daha həssasdırlar.

Məsələn, hər mərhələ üçün lazım olan fermentlər və digər “tikinti materialları” normal hüceyrədə gündə bir dəfə istifadə edilirsə, saç hüceyrələrində saatda bir dəfə lazım olur. Bu tikinti materiallarının olmaması saç hüceyrələrində daha ağır nəticələrə gətirib çıxarır.

Pəhrizdə saç tökülməsindən əziyyət çəkirsinizsə, dəmir, sink, niasin və zülal qəbuluna diqqət etməli, kalori miqdarını həddindən artıq azaltmamalısınız. Beləliklə, makro- və mikroelementlərin düzgün kombinasiyası ilə pəhrizdə saç tökülməsi qarşısı alınan vəziyyətə gələ bilər.

Saç tökülməsinin qarşısını necə almaq mümkündür?

Saç tökülməsinin qarşısını almaq, saçların sağlam və parlaq görünməsini təmin etmək üçün bəzi vərdişlərdən uzaq durmaq və bəzilərini əldə etmək lazımdır.

  • Yanlış pəhriz təcrübələrinə son

Həkimin nəzarəti altında olmayan hər hansı bir pəhriz bədənin balansını poza və saç tökülməsinə səbəb ola bilər. Karbohidratla zəngin pəhriz yerinə zülal əsaslı olana üstünlük vermək, müntəzəm qidalanmağı vərdiş halına gətirmək lazımdır.

  • Yuxu rejimini normallaşdırmaq

Yuxusuzluq orqanizmin ümumi harmoniyasını pozan və bir çox xəstəlikləri stimulyasiya edən zərərli vərdişdir. Yuxu rejimini normaya salaraq sac tokulmesi zamanı müsbət istiqamətdə irəliləmə əldə edə bilərsiniz.

  • Stressiz həyat

Stress də yuxusuzluq kimi insanların daxili tarazlığını pozan, bir çox fizioloji və psixoloji problemlərin əsasını təşkil edən bir vəziyyətdir. Stressdən uzaq durmaqla həm saç tökülməsinə, həm də keyfiyyətli həyata sahib olacaqsınız.

  • Vitamin ehtiyacını ödəmək

Bütün dərini qidalandırmaqda bəzi vitaminlər və minerallar vacibdir. Saç tökülməsini dayandırmaq üçün xüsusilə sink, dəmir, niasin, B12, mis, fol turşusu olan qidaları pəhrizə daxil etməlisiniz.

  • Saç baxımı

Saç baxımınızı dostunuzun məsləhətinə deyil, mütəxəssis dermatoloqunuzun məsləhətinə görə formalaşdırmalısınız. Yalnız dermatoloqunuz orada baş verən problemi və həll yolunu dəqiq təyin edə bilər.

Saç tökülməsinin müalicəsi

Saç tökülməsinin müalicəsi üçün vahid üsul yoxdur, çünki yaranma səbəbləri müxtəlifdir. Genetik faktorlara bağlı olmayan, yəni xəstənin səhv pəhriz və tətbiqləri nəticəsində yaranan tökülmələrin müalicəsinə başlamazdan əvvəl xəstə bu tətbiqlərdən uzaq durmalı olduğunu bilməlidir.

Əsas müalicə metodlarını aşağıdakı kimi sıralaya bilərik:

  • Saç tökülməsinin dərman ilə müalicəsi
  • PRP ilə müalicə
  • Mezoterapiya ilə saç tökülməsinin müalicəsi
  • Regenera activa – hüceyrəvi saç müalicə cihazı ilə müalicə.
Ocaqlı saç tökülməsi (Alopecia areata) müalicəsi

Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!