Yastı hüceyrəli karsinoma rastgəlmə tezliyinə görə bütün dəri xərçənglərinin 15-20%-ni təşkil edir. Bu göstərici yaş və müntəzəm günəş işığına məruz qalma ilə düz mütənasibdir.
Əl, üz, qol, ayaq, qulaq, ağız və baş dərisinin tükü tökülmüş nahiyəsində daha çox rastlanan yastı hüceyrəli karsinoma selikli qişa və cinsiyyət orqanlarında da təzahür edə bilər. Yaranma səbəbi dərinin epidermis təbəqəsindəki bazal keratinositlərdə p53 geninin mutasiyaya uğraması və hüceyrələrin nəzarətsiz şəkildə çoxalmasıdır.
Yastı hüceyrəli karsinomaya (SCC) nə səbəb olur?
Günəş və ya solarium aparatında ultrabənövşəyi şüalara tez-tez məruz qalmaq SCC-nin əsas səbəbidir. Açıq dərili, açıq saçlı (sarışın və ya qırmızı) və açıq rəngli gözləri (mavi, yaşıl və ya boz) olan insanların yastı hüceyrəli karsinma olma riski daha yüksəkdir. Digər risk faktorlarına aşağıdakılar daxildir:
- İmmunitet sisteminin zəifləməsi, o cümlədən: qan və ya sümük iliyi xərçəngləri, HİV kimi xroniki infeksiyalar.
- Kimyaterapiya və ya müəyyən bioloji dərmanlar da daxil olmaqla immunosupressiv preparatların qəbulu.
- Orqan transplantasiyası: bu insanların ümumi əhali ilə müqayisədə SCC olma ehtimalı təxminən 100 dəfə çoxdur.
- Yanıq, yara, xora, kimyəvi maddə və ya rentgen şüalarına məruz qalmaq.
- Kseroderma pigmentosum adlı genetik bir xəstəliyə sahib olmaq, dəri özünü bərpa edə bilmədiyi üçün günəşdən maksimum uzaq dayanmaq lazımdır.
- Dəridə uzunmüddətli, təkrarlanan infeksiya və iltihabi proseslərin olması.
- Kimyəvi maddə olan arsen ilə təmas.
- Albinizm.
Yastı hüceyrəli karsinomanın simptomları
- SCC əlamətlərinə aşağıdakı dəri dəyişiklikləri daxildir:
- Sonradan qabıqlaşıb qanamağa meyilli, bərk şişkinlik.
- Dəri səthindən qabaran ortası çökük şişkinlik.
- Sağalmayan və ya sağalıb yenidən yaranan yara.
- Yastı, pullu, qırmızı dəri sahəsi.
- Aktinik keratoz adlı quru, qaşınan, pullu, rəngi dəyişən xərçəngönü böyümə.
- Əsasən alt dodaqda meydana gələn aktinik keilit adlı xərçəngönü vəziyyət. Zədəli dəri toxuması solğun, quru və çatlaq görünür.
- Ağız, dil, diş əti və yanaqlarda ağ rəngli lövhələr şəklində təzahür edən xərçəngönü vəziyyət.
Yastı hüceyrəli karsinomanın diaqnostikası
- Biopsiya (kəsik və ya rezeksiyalı). Bu, yastı hüceyrəli karsinoma diaqnozunda əvəzolunmaz bir üsuldur.
- Limfa düyünlərinin müayinəsi.
- Sistemli yoxlamalar: Həkiminiz xərçəng toxumasının ehtimal olunan yayılması ilə bağlı ultrasəs, kontrastlı, kompüter tomoqrafiyası (KT), dərmanlı maqnit rezonans (MR) müayinəsi barədə sizə istiqamət verəcək. Bəzən bunların hamısına da ehtiyac ola bilər.
- İynə ilə aspirasiya biopsiyası: Palpasiyada hiss oluna bilən limfa düyünləri varsa, ultrasəs köməyi ilə həyata keçirilən biopsiya prosedurudur.
Yastı hüceyrəli karsinomanın (SCC) müalicəsi
Ən yaxşı müalicə növünə qərar verməkdə dermatoloqunuz sizə kömək edəcəkdir. Bunun üçün ümumi sağlamlıq və yaşınız, xərçəngin yeri və nə qədər invaziv olmasını nəzərə alacaqdır.
Müalicə seçimlərinə aşağıdakılar daxildir:
Patoloji toxumanın qaşınaraq çıxarılması, sonra isə xüsusi elektrikli iynə ilə yandırılması.
Cərrahi çıxarılma:
Mohs əməliyyatı: Bu, xüsusi bir texnikadır. Həkim əvvəlcə görünən xərçəng toxumasını çıxarır və sonra kənarlarından kəsməyə başlayır. Əməliyyat yara ətrafındakı toxumalarda xərçəng hüceyrələri qalmayana qədər davam edir.
Cərrahi rezeksiya: Xərçəng və ətrafdakı dərinin bir hissəsi çıxarılır.
Krioterapiya.
Dəriyə kimyaterapiya preparatının tətbiqi.
Lazerdən istifadə.
Fotodinamik terapiya və ya PDT.
Əgər sizdə inkişaf etmiş və ya çox invaziv yastı hüceyrəli karsinoma varsa, onun yenidən yaranması və ya metastaz etdiyinin (bədənin başqa hissəsinə keçir) şahidi olacaqsınız. Müalicə edilə bilməyən və ya bədənin digər hissələrinə yayılan yerli inkişaf etmiş xərçəngi müalicə etmək üçün təsdiqlənmiş bir neçə preparat vardır.
Yastı hüceyrəli karsinomadan (SCC) necə qorunmaq olar?
İlk növbədə günəşdən qorunmaq SCC və digər dəri xərçənglərinin qarşısını almağın ən yaxşı yoludur. Buna dair bəzi qaydalara riayət etməyiniz lazımdır:
Səhər saat 10:00-dan 16:00-a qədər günəş altında gəzməkdən çəkinin.
Günəş vannası və solarium cihazından uzaq olun.
Hər gün SPF-15 və ya daha geniş spektrli günəş kremindən istifadə edin. Əgər uzun müddət çöldə olacaqsınızsa, suya davamlı, SPF 30 və ya daha yüksək olan geniş spektrli günəş kreminə üstünlük verin. Kremi çölə çıxmazdan 30 dəqiqə əvvəl çəkin. Əgər üzgüçülük ilə məşğulsunuzsa, tərləyirsinizsə, hər iki saatdan bir, mümkündürsə daha tez-tez istifadə etməyə çalışın. Həmçinin geniş kənarlı papaq və qoruyucu eynək taxın.
Ayda bir dəfə özünüz dərinizi müşahidə edin və peşəkar dəri müayinəsi üçün ildə bir dəfə dermatoloqa müraciət edin. Hər hansı bir dəri dəyişikliyini mümkün qədər tez aşkarlayıb diaqnostika etmək önəmlidir.
