Kuperoz haqqında hər şey tək məqalədə

Kuperoz haqqında hər şey tək məqalədə

Kuperoz müalicə edilmədikdə rosacea və ya digər ciddi problemlərə səbəb ola biləcək dermatoloji bir narahatlıqdır. İlkin mərhələ olduğu üçün xəstəlik yox, daha çox estetik problem kimi qiymətləndiririk.

Kuperoz, əsasən venula və arteriolalarda baş verən damar anomaliyasıdır. Bunun səbəbi kapilyarlarda elastikliyin çox aşağı olmağıdır. Dəridə qan dövranı anidən artdıqda kapilyarlar genişlənir, gözlə görünən səviyyəyə çatır, qızartı yaranır. Lazımi elastiklik olmadığı üçün kapilyar normal vəziyyətinə qayıda bilmir. Qırmızımtıl sahələr yanaqlar, çənə və burunu əhatə edir, lakin üz və ya boyunun hər hansı bir hissəsində də görünə bilər. Kuperozun inkişafında iki mərhələ vardır. Birinci mərhələdə yalnız üzün və ya boyunun bəzi nahiyələrində qızartılar olur və bunlar əvvəlcə qısa müddətdə yoxa çıxır. Sonra isə getdikcə daha çox qalıcı hala keçir. İkinci mərhələdə əksərən hörümçək toru kimi tanınan telangiektaziya meydana gəlir. Bu vəziyyət kişilərə nisbətən qadınlara daha çox təsir edir və həm daxili, həm də xarici səbəblərdən yaranır. Üzdə damar partlamasına açıq və ya solğun dərisi olan insanlarda digərlərinə nisbətən daha çox rast gəlirik. Problemə mümkün qədər erkən diaqnoz qoymaq vacibdir ki, düzgün müalicə olunsun.

Kuperoz nə zaman yaranır?

Yuxarıda qeyd etdiyimiz kimi, bu damar anomaliyasına kapilyarda elastikliyin çatışmaması səbəb olur. Kapilyarlar hər hansı bir səbəbdən genişləndikdə yenidən daralmaq əvəzinə həmin halda qalır. Bu cür genişlənməyə səbəb ola biləcək faktorlara aşağıdakılar daxildir:

  • Ani temperatur dəyişiklikləri
  • Həddindən artıq küləkli hava şəraiti
  • Kiçik dəri travması
  • Siqaret çəkmək
  • Həddindən artıq spirtli içki istifadəsi
  • Qıcıqlandırıcı maddələrin üz ilə təması
  • Günəşə və ya UB lampalara həddindən artıq məruz qalma
  • Yüksək stress və ya narahatlıq
  • Ədviyyatlı yeməklər
  • Hormonal dəyişikliklər
  • Yüksək qan təzyiqi və ya şəkərli diabet
  • Genetik xəstəlik olan Lui-Bar sindromu
  • Kortikosteroid dərmanların istifadəsi.

Kuperozun dəqiq səbəbi hələki məlum deyil. Bununla belə, yaranmasında genetik faktorun rol oynadığını bilirik. Buna görə də üzdə damar partlamasına valideynləri bu problem ilə qarşılaşan insanlarda rast gəlməyimiz çox normal haldır. Kuperozun anadangəlmə və həyat boyu qazanılmış olaraq 2 tipini ayırd edə bilərik.

Kuperoz yaranmasından necə qorunmaq olar?

Kuperozun qarşısını almaq üçün ona səbəb olan amillərdən uzaq dayanmaq əsas şərtdir. Damarları gizlətmək üçün günəş vannası qəbul edib qaralmaq lazım olduğuna dair yanlış fikir var. Əksinə, günəş vannası qan damarlarını genişləndirir, ultrabənövşəyi şüalar dəriyə geridönməz zərər verir və kapilyarların vəziyyətini daha da ağırlaşdırır. Mövcud damarların artması ilə yanaşı yenilərinin yaranmasına səbəb olur. Ona görə də üzdə damar partlamasına meyillik varsa, günəş kremi çəkmədən günəşə məruz qalmamaq vacibdir. Həmçinin, spirt və tütün tipli toksinlərdən uzaq olun. Meyvə, tərəvəz kimi antioksidant və vitaminlər ilə zəngin sağlam qidalanmağa diqqət yetirin. Dəriniz tez-tez mənfi hava şəraitinə məruz qalırsa, iqliminizə və dəri tipinizə ən uyğun olan kosmetikanı seçin. Kosmetikanın istifadə səbəbi təkcə gözəllik deyil, dəriyə rahatlıq vermək və onu ətraf mühitin mənfi amillərindən qorumaqdır.

Kuperoz olan insanlara bunları etmək olmaz:

  • Həddindən artıq günəş vannası qəbul etmək. Günəş işığındakı ultrabənövşəyi şüalar dərinin birləşdirici toxuma strukturuna mənfi təsir göstərir, istilik isə dərinin qan dövranını sürətləndirir və qan damarlarını genişləndirir.
  • Ədviyyat və ya ədviyyatlı qidalar, həddindən artıq spirt və ya kofein istifadəsi. Çünki bunlar dəridə qan damarlarının daha da genişlənməsinə səbəb olur.
  • Siqaret çəkmək – nikotin təkcə sərbəst radikalların əmələ gəlmə səbəbi deyil, həm də dəri damarlarının elastikliyinə mənfi təsir göstərir.
  • Ani, güclü temperatur dalğalanmaları. Məsələn, sauna və ya buxar damarların genişlənməsi və qan axınının artmasına səbəb olur.
  • Pilinq və ya fırça masajları – onlar mexaniki təsir ilə yanaşı dəridə qan dövranını da stimullaşdırır.
  • Ani, qısamüddətli gərginlik. Məsələn, ağırlıq məşqləri zamanı həddindən artıq fiziki gərginlik – sürətlə artan təzyiq nəticəsində dəri damarları nəinki daimi olaraq genişlənir, həm də ən pis halda bu, kapilyar damar zədələnmələri və dəri qanaxmalarına səbəb ola bilər.

Kapilyar damarlarin mualicesi zamanı vitamin B3 (niasinamid), aloe vera, çobanyastığı, biyan ekstraktı, at şabalıdı və ya pantenol kimi bəzi maddələr dərini sakitləşdirə və qızartıları azalda bilər. Bu maddələr iltihab əleyhinə təsir də göstərir. Daha ağır kuperoz üçün lazer terapiyası uyğun seçimdir. Yalnız bir və ya iki müalicədən sonra görünən üz damarlarının 50-75%-ə qədəri azala bilər. Dərinin ikinci qatında (dermis) işləyən lazerlə xüsusilə yaxşı nəticələr əldə etmək mümkündür. Həyat boyu qazanılmış kuperoz müalicəyə daha yaxşı tabe olur. Bu zaman müxtəlif damarqoruyucu preparatların daxilə qəbulu elastikliyin bərpasına kömək edir. Yanaşı olaraq prosedur tətbiqinə də ehtiyac vardır. Genetik formanı isə aradan qaldırmaq mümkün deyil, lakin kosmetoloji prosedurlar ilə daha az nəzərəçarpan hala gətirmək olur.

Kuperoz xəstəliyinin görüntüləri

Dodaq hissədə Kuperoz
Dodaq hissədə Kuperoz
Yanaqlarda Kuperoz
Yanaqlarda Kuperoz
Burunda Kuperoz
Burunda Kuperoz
Göz altında kuperoz
Göz altında kuperoz

Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!