Övrə xəstəliyi

Övrə xəstəliyi (Urticaria)

Övrə xəstəliyi (Urticaria)

Övrə və ya urticaria nədir?

Övrə müxtəlif səbəblərdən yaxud xüsusi səbəbi bilinmədən dəri səthində qaşınma, qızartılı qabarcıqlar ilə təzahür olunan bir reaksiyadır. İnsanların 20%-i həyatı boyunca ən azı bir dəfə də olsa bu vəziyyət ilə qarşılaşa bilər. Övrə qabarcıqları bir neçə millimetrdən bir neçə santimetrə qədər istənilən ölçüdə ola bilər. Anidən meydana gəlir və adətən tez də keçir. Xronikləşərsə, əlavə müalicə tələb oluna bilər. Övrə xəstəliyinə körpəlikdən qocalığa qədər həyatın hər mərhələsində rast gəlmək mümkündür. Uşaqlarda yoluxucu xəstəliklər, bağırsaq parazitləri, müxtəlif dərman preparatlarının istifadəsi zamanı, xüsusilə atopik (allergik fon) olduqda üzə çıxır. Angioderma ilə müşayiət olunan kəskin övrədə xəstəxanaya müraciət etmək vacibdir. Böyüklərdə övrə xəstəliyinə bəzən təkbaşına və ya angioderma ilə birlikdə rast gələ bilərik. Qadınlarda kişilərə nisbətən 2 dəfə çox müşahidə edirik.

Övrə nədən əmələ gəlir? Övrə xəstəliyi yaradan səbəblər

Övrə xəstəliyi müxtəlif səbəblərdən dəri altında histamin və bəzi başqa kimyəvi maddələr sintez olunduqda baş verir. Bu maddələr dəri altında mayenin yığılmasına gətirib çıxarır və qabarcıqlar şəklində təzahür edir. Reaksiyanın şiddəti insandan-insana dəyişir. Övrə əksər halda allergik reaksiya kimi tanınsa da, allergiya onun ümumi səbəbi deyil. Ümumiyyətlə, idiopatik (səbəbi bilinmir) olmaqla yanaşı infeksiya, dərmanlar və nadir hallarda qidalar təkanverici ola bilər. Övrəyə səbəb ola biləcək bəzi amillər bunlardır:

  • Yoluxucu xəstəliklər
  • İstehlak edilən bəzi qidalar (xüsusilə yerfındığı, xərçəng tipli dəniz məhsulları, qoz-fındıq, kərəviz, yumurta, çiyələk, süd məhsulları)
  • Antibiotiklər, iltihabəleyhinə və bəzi digər dərmanlar
  • Yüksək hərarət
  • Həddindən artıq isti bir mühitdə olmaq və ətraf mühitin temperaturunda qəfil dəyişiklik
  • Bitki tozcuqları
  • Heyvan tükü və ifrazatları
  • Ev tozu və gənələr
  • Lateks
  • Həşərat tullantıları və həşərat dişləmələri
  • Krem, ətir, təmizləyicilər kimi bəzi kimyəvi maddələr
  • Güclü məşqlər
  • Su, göz yaşı, tər kimi mayelərlə təmas
  • Günəş işığı
  • Bağırsaq parazitləri
  • Tiroid xəstəliyi və ya sistem qırmızı qurdeşənəyi kimi autoimmun xəstəliklər

Övrə xəstəliyi zamanı əksər hallarda səbəbi dəqiq təyin etmək olmur. Çünki allergiya testləri məhdud sayda allergen üçün skrininq imkanı təqdim edir. Bununla belə, bədənin autoimmun reaksiyası kimi inkişaf edən övrə xəstəliyində səbəbindən asılı olmayaraq müalicə protokolu oxşardır.

Övrə xəstəliyinin növləri

Övrə xəstəliyi gedişinə, yəni insana təsir etdiyi müddətə görə iki yerə ayrılır. Bunlardan birincisi olan kəskin övrə 6 həftədən az müddətdə davam edir. Saatlar ərzində iz qoymadan geriyə inkişaf edən və yenidən meydana gələ bilən irili-xırdalı qabarcıqlarla özünü göstərir. Xroniki övrənin davametmə müddəti isə 6 həftədən çox çəkir. Müxtəlif dövrlərdə yüngülləşib şiddətlənir. O, kortəbii (xroniki spontan övrə) və ya müəyyən bir təkanverici amilin – isti, soyuq, dəriyə sürtünmə, məşq və s. qarşılıqlı təsirdən sonra (xroniki induksiya olunan övrə) inkişaf edə bilər. Məsələn, soyuqdan aktivləşirsə, soyuq övrə, məşq və bədən istiliyinin artması ilə yaranırsa, buna xolinergik övrə deyilir. Onlar bir-birindən tamamilə ayrı deyillər. Bu iki tip övrə eyni xəstədə birlikdə ola bilər. Etiologiyasına (mənşəyi) görə xroniki övrə xəstəliyinin aşağıdakı növlərini ayırd edirik:

  • Dermoqrafik övrə
  • Təzyiq ilə bağlı övrə
  • Xolinergik övrə
  • Kontakt övrə
  • Soyuq övrə
  • Akvagenik övrə
  • Günəş övrəsi
  • Vibrasiya övrəsi

Klinik əlamətlər

Övrənin bütün növlərində qaşınma, qızartı, qabarcıq formasında səpgi və həmin nayihədə temperaturun artması əlamətləri müşahidə olunur.

Dermoqrafik övrə

Dərini iynə, qələm ucu və s. kimi iti əşyalarla qaşıdıqdan sonra yaranır. Axşam saatlarında şikayətlər artır. Qabarcıqlar 1 saat ərzində yox olur.

Təzyiq ilə bağlı övrə

Bədənin hər hansı bir nahiyəsinə basdıqdan 30 dəqiqə-12 saatdan sonra qaşınma, ağrılı qabarcıqlar yaranır. Dar paltar geyindikdə bel nahiyəsi, dar corab ilə bağlı baldırda, dar ayaqqabılardan və gəzinti, dırmanmaq kimi məşqlərdən sonra ayaqaltı nahiyədə inkişaf edə bilər.

Xolinergik övrə

İsti su ilə vanna, isti içkilər, ədviyyatlı və isti yeməklər, həyəcan və stress kimi faktorlar nəticəsində yaranır. Əsas səbəb bədən istiliyinin artmasıdır.

Soyuq övrə

Soyuq su, buz, soyuq hava ilə kontakt zamanı inkişaf edir.

Akvagenik övrə

Temperaturundan asılı olmayaraq su ilə təmasdan sonra yaranır. Göz yaşı və tər kimi mayelər də övrənin bu növünə səbəb ola bilər.

Günəş övrəsi

Müəyyən bir dalğa uzunluqlu günəş işığına məruz qalma nəticəsində provakasiya olur. Digər adı solar övrədir.

Vibrasiya övrəsi

Mikser, yemək prosessorları və ya vibrasiya yaradan velosiped kimi müxtəlif cihazlardan istifadə nəticəsində yaranır.

Nəticə

Övrə xəstəliyi üçün bir çox müalicə üsulları olsa da, bu gün qəti bir müalicə haqqında danışmaq mümkün deyil. Müalicədə antihistamin preparatları, demək olar ki, həmişə birinci sıraya daxil edilir. 2-4 həftə ərzində sağalmayan xəstələrdə dərmanın dozası dermatoloq nəzarəti altında artırıla bilər. Antihistamin preparatların maksimum dozasının istifadəsinə baxmayaraq vəziyyəti yaxşılaşmayan xəstələrdə dərialtı inyeksiya (iynə) şəklində vasitələr ilə müalicə tətbiq oluna bilər. Bu inyeksiya ayda bir dəfə edilir. Müalicə alan xəstələr mütəmadi olaraq dermatoloq nəzarətində olmalı və davamlı şəkildə sağlamlıq yoxlamaları aparılaraq müalicənin effektivliyi yoxlanmalıdır. Həşərat sancması, dərman allergiyası kimi hallar aşkar edildikdən sonra xəstəyə yaxşı izah edilməli və onun tədbir alması təmin edilməlidir. Dərmana qarşı allergiyası olan xəstə bunu bütün müayinələrdə və xəstəxanaya qəbullar zamanı qeyd etməlidir. Bundan əlavə, bu şəxslərdə allergenlərlə təmasdan sonra anafilaksiya adlanan ciddi allergik şokların yaranma ehtimalı yüksək olduğundan vaxt itirmədən səhiyyə müəssisələrinə müraciət etmək çox vacibdir.

Övrə xəstəliyinin müalicəsi üçün özbaşına dərman qəbulu və ya təbii yolla müalicələr vəziyyəti daha da ağırlaşdıra bilər. Əgər siz də övrə simptomlarına bənzər şikayətlər ilə qarşı-qarşıyasınızsa, bir dermatoloqa müraciət edərək müayinədən keçməyiniz ən doğrusudur.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!