Dəri çatları

Dəri çatları

Dəri çatları

Dəri çatları derma təbəqəsinin həddindən artıq dartılıb nazikləşməsi nəticəsində yaranan deformasiyalardır. Elastikliyin azalması, dəri liflərinin zəifləyərək qopması və yırtıq yaranması ilə təzahür edir.

Adi gözlə baxanda dəri çatını rahatlıqla görürük. Tibbi dildə stria kimi adlanan bu problem ilk yarananda qırmızı-bənövşəyi görünsə də, zamanla rəngi ağarır.

Dəri çatlarının yaranma səbəbləri

Dəri çatlarının yaranma səbəblərindən əvvəl onun quruluşuna nəzər yetirək. Dərinin ən xarici səthi epidermis, orta hissəsi derma, daxili hissəsi isə hipodermis (dərialtı piy təbəqəsi) adlanır. Derma qatında elastin və kollagen lifləri vardır. Bu quruluş dərinin sağlam görünüşə sahib olmasını təmin edir. Dermadakı liflərin zəifləməsi və ya qırılması dərinin görünən hissəsində deformasiyaya səbəb olur. Estetik cəhətdən xoşagəlməz bu deformasiya dəri çatları kimi təzahür edir.

Onun ən çox rast gəlinən səbəbi hamiləlikdir. Həmin dövrdə meydana gələn çəki artımı və ödemdən əlavə, qarın və süd vəzilərində böyümə dərinin dartılması və çatlaması ilə nəticələnir. Dəri çatları hamiləliklə yanaşı, əzələ kütləsinin ani artımı və azalması ilə əlaqədar yaranır. Piylənmə problemi olan insanlarda dəri çatlama ehtimalı digərləri ilə müqayisədə yüksəkdir.

Yeniyetməlik dövründə dəri çatlarına kifayət qədər çox rast gəlirik. Uşaqlarda əzələ quruluşunun sürətli inkişafı, həddindən artıq çəki artımı və ya itkisi çatların yaranması üçün risk faktorudur.

Hormonal dəyişikliklər də dəri çatlarına səbəb olan amillərdəndir. Bütün bunlara əlavə olaraq istifadə edilən bəzi dərmanlar da bədəndə çatlarının yaranma qaynağıdır. Xüsusilə bəzi xəstəliklərin müalicəsində istifadə edilən kortizol elastin və kollagen liflərinin məhvinə gətirib çıxara bilər.

Bəzən dəri çatlarının heç bir yaranma səbəbi tapılmır. Bunlar səbəbsiz – idiopatik çat kimi qəbul edilir.

Dəri çatlarının yaranma səbəblərinə aşağıdakı əlavələri edə bilərik:

  • Əzələləri həddindən artıq və sürətli inkişaf etdirən məşqlər
  • Orqanizmdə su nisbətinin qeyri-kafi olması
  • Genetik meyillik
  • Bəzi infeksion xəstəliklər (QİÇS, vərəm)
  • Xroniki qaraciyər xəstəlikləri

Hamiləlikdə yaranan dəri çatları

Hamiləlikdə yaranan dəri çatları qadınların 75% -90% -ə qədərində müşahidə edilir. Dəridə bu izlər, adətən normal dəri toxumasından fərqli rəng və quruluşda paralel xətlər şəklində görünür. Onarın rəngi bənövşəyidən ağa və hətta boz rəngə qədər dəyişə bilər. Bəzən həmin çatları qaşınma ilə paralel müşayiət edirik.

Hamiləlik zamanı və ya doğuşdan sonra niyə tez-tez dəri çatlarına rast gəlirik? Çünki bu dövrdə hormonal balansın dəyişməsi, həmçinin də dölün böyüməsi nəticəsində çəki artımı baş verir. Xüsusilə ikinci və üçüncü trimestrdə bu proseslər intensivləşir. Nəticədə qarın, süd vəzi, bud və oma nahiyələrində çatlar yaranır. Əgər hamiləliyin ikinci və üçüncü trimestrindəsinizsə, dəri çatlarını azalda və hətta qarşısını ala bilərsiniz. Bunun üçün etməli olduğunuz şey hamiləlik dövründə dərinin elastiklik qabiliyyətini maksimum saxlamasını təmin etməkdir.

Hamiləlikdə yaranan dəri çatlarının qarşısını almaq üçün nələr etmək mümkündür?

Hamiləlik boyunca müntəzəm şəkildə nəmləndiricilərdən istifadə edin. Bunun üçün təbii vasitə kimi aşağıdakı efir yağları faydalıdır: kokos yağı, kakao yağı, badam yağı, çia yağı, buğda rüşeymi yağı. Bu yağlar hamiləlik zamanı dərini nəmləndirmək üçün effektiv variantlardandır. Onlar həm də iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir, sağlam dəri hüceyrələrinin bərpasına kömək edir. Yaxşıca hopması üçün dairəvi hərəkətlərlə masaj edərək dəriyə çəkin. Bəzən quruluq nəticəsində qaşınma yaranır ki, həmin dəri hissələrini də nəmləndirmək mütləqdir.

Hamiləlik dövründə dəri çatlarının qarşısını almağın başqa bir yolu, çatlara həssas olan yerlərdə təzə aloe vera gelindən istifadə etməkdir. Aloe vera faydalarına görə qədim Misirdə ölümsüzlük bitkisi adlanırdı. Bundan əlavə, çox tez-tez istehlak edilən bəzi tanınmış brendlərin krem və losyonları da sizə kömək edəcəkdir. Bunun üçün həkiminiz və ya dermatoloq ilə məsləhətləşə bilərsiniz.

Bədənin müxtərif hissələrində yaranan dəri çatları

Bədənin müxtəlif hissələrində dəri çatlarına rast gəlmək mümkündür. Qadınlarda daha çox oma, ayaq və süd vəziləri, kişilərdə isə qol, bel və oma nahiyələrində müşahidə edirik.

Ayaq dərisinin çatlaması

Ayaqlarda çatların əmələ gəlməsi xüsusən yeniyetmə və hamiləlik kimi dövrlərdə sürətli kilo alma və itirmə, idmandan sonra əzələlərin ani böyüməsi səbəbi ilə kifayət qədər elastik olmayan dərinin nazikləşməsi və daxilində yırtıq yaranması nəticəsində meydana gələ bilər. Bunlarla yanaşı boyun sürətlə artması eninə dəri çatlarını yaradır.

Qarın dərisinin çatlaması

Qarın bölgəsindəki dəri çatları insanların estetik baxımdan narahat hiss etmələrinə səbəb olur. Abdominal – qarın çatlarının əsas səbəbləri:

  • Hamiləlik zamanı alınan çəki
  • Yeniyetməlik dövründə əzələ inkişafı
  • Hormonal dəyişikliklər
  • Bəzi dərmanlar

Süd vəzi, bud, oma dərisində çatlar

Süd vəzidə yeniyetməlik dövründə baş verən hormonal dəyişikliklər onun sürətli böyüməsinə səbəb ola bilər. Vəzi toxuması artdıqca dəri dartılıb nazilərək çatlayır. Təbii ki, bu, hər kəs üçün keçərli deyildir. Dərinin fərdi xüsusiyyətləri ilə də birbaşa bağlıdır. Yeniyetmə qızlarda sürətli fiziki inkişaf prosesi paralel olaraq bud və oma nahiyəsində də eyni problemə səbəb olur.

Hamiləlik zamanı təqribən altıncı həftədən süd vəziləri böyüməyə başlayır. Çünki qanda estrogen hormonunun miqdarı artır və süd vəzi toxumasının həcminin böyüməsi, kanallarının genişlənməsinə səbəb olur. Böyümə prosesi sürətli baş verdikdə dəri çatları ilə nəticələnir.

Tez-tez kökəlib arıqlayan qadınlar da eyni şəkildə süd vəzi, bud və oma dərisi çatları ilə qarşı-qarşıya qalırlar.

Bir digər səbəb sinə böyütmə əməliyyatlarıdır. Xüsusən də istifadə olunan implantların ölçüsü həddən artıq böyük olduqda süd vəzi dərisində çat yaranma ehtimalı daha yüksəkdir.

Dəri çatlarının müalicəsi

İnkişaf edən texnologiya sahəsində dəri çatlarının müalicəsində istifadə edilən üsullar hər gün təkmilləşir. Ancaq bu müalicəyə başlamaq istəyənlər unutmasınlar ki, çat görünən nahiyə 100 faizli bərpa olunmayacaq. Tətbiq olunan müalicə üsulları çatların dərinliyini azaltmaq və dərinin əvvəlki rənginə qayıtmasına kömək etmək məqsədi daşıyır. Dəri çatlarının müalicəsində istifadə olunan əsas üsullar aşağıdakılardır:

Kimyəvi Pilinq

Kimyəvi pilinq ilə müalicə olunacaq çatlamış sahə əvvəlcə tərkibində qlikol turşusu olan məhlul ilə təmizlənir. Daha sonra çatın dərinliyi və vəziyyətindən asılı olaraq epidermisə AHA (alfa hidroksid turşuları) ilə və ya dərin kimyəvi pilinqlə (jessner, fenol və s. məhlulları) dermaya təsir edilir. Bu üsul dəri çatları üçün bir o qədər də effektiv deyil.

Mezoterapiya

Hələ ağarmamış, qırmızı, əmələgəlmə prosesində olan çatlarda mezoterapiya müalicəsi tətbiq edilir. Dərinin altına mikroinyektorlarla kollagen maddəsi yeridilir.

Mikrodermabraziya

Ağarmış dəri çatlarında effektiv olan bu üsulda mikropilinq yolu ilə dəri səthinə alüminium-oksid duzları vurulur. Dəri soyulmağa və onun yerinə sağlam kollagen və elastinlə zəngini gəlməyə başlayır.

Fraksiyalı lazer

Çatların müalicəsində istifadə edilən təsirli üsullardan biri fraksiyalı lazerdir. Dərinin altına – çatların olduğu yerə çatmaq üçün lazer şüasından istifadə edilir. Bunun sayəsində çatlamış yerin sağalması üçün lazım olan kollagen istehsal edən sağlam toxumalar stimullaşır. Beləliklə, əvvəllər azalan kollagen toxumasının yaranması sürətlənir və bu, dəridə gözlə görünən yaxşılaşmaları təmin edir. Lakin nəzərə alınmalıdır ki, fraksiyalı lazer tətbiqi yalnız mütəxəssis-dermatoloqlar tərəfindən aparılmalıdır. Çünki yanlış həyata keçirilərsə, dəridə daha böyük problemlərə səbəb ola bilər.

Biodermogenez (bi-one)

Biodermogenez yaş və xüsusiyyətindən asılı olmayaraq dəri çatlarının müalicəi üçün ən effektiv üsul sayılır. Elektromaqnit sahəsi, elektrostimulyasiya və vakuum texnologiyalarının birgə istifadə olunduğu yeganə metod olması ilə fərqlənir. Müvəffəqiyyət nisbəti 85% olan bu tətbiq sayəsində nəzərəçarpacaq dərəcədə gözəl nəticələr alınır. Biodermogenezi digərlərindən fərqləndirən ən əhəmiyyətli xüsusiyyəti toxumaların zədələnməsi ilə deyil, bioloji regenerasiya – özünü yeniləməsini stimullaşdıraraq müalicəni təmin etməsidir. Elektromaqnit tezlikləri dəridəki kollagen və elastin lifləri ilə yanaşı digər hüceyrələrin funksiyasını da yaxşılaşdırır. Beləliklə, çatlar dolur, dəri daha gənc və hamar bir görünüş qazanır. Həmçinin qan dövranını artıraraq dərinin oksigen təminatını çoxaldır. Oksigenin artması hüceyrənin yenilənməsini sürətləndirir. Biodermogenez müalicəsi dəriyə rəng verən melanin sintezini dəstəkləyərək dərinin təbii rənginin bərpasında aktiv rol oynayır.

Dermoterapiya

Dermaterapiya müalicəsində istifadə edilən dermaroller cihazındakı yüzlərlə mikroölçülü iynələrin dəri çatlarının üzərindən keçməsi nəticəsində çoxlu kanallar yaranır. Bu müalicə üsulunun təsirli olması üçün dəriyə kök hüceyrə ekstraktları tətbiq edilir. Kollagen toxuması yenilənir və çatlar böyük ölçüdə aradan qalxır.

Trombositlə zəngin plazma (PRP)

Çat müalicəsi ilə yanaşı digər dəri problemlərində də istifadə edilən PRP üsulunda ilk olaraq insandan qan alınır. Daha sonra bu qan nümunəsi ayrılaraq çatın olduğu yerə yeridilir. Fraksiyalı lazer üsulu ilə dəstəklənən PRP tətbiqində hüceyrə regenerasiyası daha sürətli həyata keçir.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!