Yanıq izi müxtəlif dərəcəli yanıq səbəbindən dəridə yaranan dəyişiklikdir. Həddindən artıq istilik, radiasiya, günəş, elektrik və kimyəvi maddələrlə təmas yanığın səbəbləri arasındadır.
Yanıqlar zamanı mümkün qədər tez müdaxilə etmək və ilk yardımı düzgün göstərmək çox vacibdir. İlkin tibbi yardım nə qədər uğurlu olarsa, yanıq izinin qalması və həyat üçün təhlükə bir o qədər azalır.
Yanığın dərəcələri
Yanıq yarası dərinliyi – dəri səthinə nə qədər nüfuz etməsi və şiddətindən asılı olaraq birinci, ikinci, üçüncü və dördüncü dərəcəli olaraq təsnif edilir. 1 və 2-ci dərəcəli yanıqları yüngül, digərlərini ağır hesab edirik.
Yüngül yanıqlar
1-ci dərəcəli yanıqlar yalnız dərinin xarici təbəqəsi olan epidermisə təsir etdiyindən ən yüngül yanıq sayılır. Yanğın fiziki görünüşü qırmızı, quru və suluqsuzdur. Yanıq nahiyəsində yüngül ağrı hiss oluna bilər. Günəş yanığı birinci dərəcəli yanıqlara misaldır. Bu növ yanıqlarda uzun müddətli toxuma zədələnməsi çox nadirdir və adətən dəri rəngində cüzi dəyişiklik müşahidə olunur. Lokal təsirli ağrıkəsicilər və nəmləndirici kremlər ilə müalicə edilə bilər. 1-2 həftə ərzində yanıq nahiyəsinin dərisi soyulur və bir az qızarmış dəri görünür. Zamanla dəri normallaşır və yanıq izi, çapıq qalmır.
İkinci dərəcəli yanıqlar səthi epidermis qatı ilə yanaşı dermisə də təsir edir, yanığın fiziki görünüşü qırmızı, ağ, suluqlu və şişkin ola bilər. Bu növ yanıqda orta dərəcədə ağrı hiss edilir. Sağalma dərinin alt qatındakı piy, tər vəziləri və tük follikullarında olan hüceyrələrin çoxalması ilə baş verir. İkinci dərəcəli yanıqlar sağalmanı təmin edən dəri əlavələrindəki itkilərin miqdarına görə səthi və dərin olmaqla iki yarımqrupa bölünür. Səthi ikinci dərəcəli yanıqda çapıq qalmır, dərin yanıq isə çapıq izi buraxaraq sağalır. Yanıq nahiyəsindəki suluqları müvafiq sarğı tətbiqi ilə qorumaq lazımdır.
İnsanlar arasında yanan nahiyənin açıq şəkildə müalicəsi ilə bağlı yanlış fikirlər mövcuddur. İkinci dərəcəli yanıqların məlumatsız şəkildə müalicəsi üçüncü dərəcəliyə çevrilməsinə səbəb ola bilər. Səthi yanıqlarda sağalma müddəti 1 həftə ilə 10 gün arasındadır. Dərin ikinci dərəcəli yanıq yarası isə 2-3 həftəyə sağalır.
Ağır yanıqlar
Üçüncü və dördüncü dərəcəli yanıq yarası nəinki dərini, həmçinin əzələ, vətər, sinir və sümükləri də əhatə etdiyinə görə ağır yanıq hesab edirik.
Üçüncü dərəcəli yanıqlarda dərini bərpa edən dəri əlavələri yoxdur. Epidermis və dermis təbəqələrinin məhvi ilə yanaşı, sümük, əzələ və vətərlərə də qalıcı zərər dəyir. Bundan əlavə, yanıq yerində qəhvəyi, qara və ya ağ ləkələrin yaranması da mümkündür. Sinir ucları məhv olduğu üçün hissiyyat itkisi baş verir. Sağalma dərinin yanıq kənarlarından əmələ gəlməsi və narahatedici çapıqların qalması ilə gedir. Yanıq yarasının sağalması gecikərsə, dəri transplantasiyasını həyata keçirmək daha yaxşı olar. Kiçik nahiyələr sarğı ilə çapıqlar buraxaraq sağalır. Böyük nahiyələrin sağalması isə uzun çəkir və bu müddət ərzində infeksiya inkişaf edərsə, həyati təhlükə yarana bilər. Oynaq və boyundakı yanıqlar, adətən burada hərəki məhdudiyyətə səbəb olur. Dərinin transplantasiyası sağalmanı sürətləndirir və funksiya itkisinin qarşısını alır. Nəticədə çapıqlar daha az inkişaf edir.
Dördüncü dərəcəli yanıqlarda bütün dəri və altındakı əzələ toxuması da yanır. Bu növ yanıqlar, adətən qara rəngdədir və çox ağır gedişə malikdir. Əksər hallarda ölüm ilə nəticələnir.
Yanıqlar üçün ilkin yardım
Yanıq bütün yaş qrupları üçün çox təhlükəli bir vəziyyətdir. Qısa müddətdə dərinin bütün təbəqələrinə nüfuz edə bilər. Yanıqların dərəcəsindən asılı olaraq təcili müdaxilələr aşağıdakılardır:
Birinci dərəcəli yanıqlar üçün ilk yardım:
1. Yanmış dərini 5 dəqiqədən çox olmayaraq soyuq su ilə təmas etdirin və ya nahiyəyə soyuq kompres tətbiq edin. Buzdan istifadə etməkdən çəkinin, çünki o, daha çox zərər verə bilər.
2. Aksesuarları tez çıxarmaq vacibdir, çünki yanıq sahəsi çox tez şişə bilər, lakin unutmayın ki, bu, ehtiyatla edilməlidir.
3. Yanıqlara yağ, losyon və ya gel sürtməyin. Gündə 2-3 dəfə yanmış nahiyəyə deramtoloqunuzun tövsiyə etdiyi yanıq üçün maz sürtmək kifayətdir. Bu yolla nahiyənin qurumasının qarşısı alınır və hiss edilən ağrı azalır.
4. Ehtiyac varsa, ağrıkəsici istifadəsi labüddür.
İkinci və üçüncü dərəcəli yanıqlar üçün ilk yardım:
1. Şəxsin üzərindəki alovu söndürməsinə kömək edin.
2. Zərərçəkənin yanan materialla təmasını dərhal dayandırın, çünki yanmış yerlərdə şişlik və dərinin dərin zədələnməsi baş verə bilər. İsti və ya yanmış paltarları çıxarın. Paltar dəriyə yapışıbsa, onu kəsin və ya toxumalara zərər yetirmədən, ehtiyatla yırtın. Həmçinin zinət əşyaları və kəmər kimi vasitələri çıxarın.
3. Yanmış nahiyəni soyuq su ilə təmas etdirib dərhal ən yaxın sağlamlıq mərkəzinə müraciət edin.
Kimyəvi turşu yanıqlarında ilk yardım:
1. Yanmağa səbəb olan amili aradan qaldırın və dəridən çıxarılması üçün turşu yandırmış hissəni ən azı 10 dəqiqə soyuq su altında yaxalayın.
2. Kimyəvi maddə ilə təmas edən paltar və aksesuarları tez çıxarın. Kimyəvi maddənin geyimdən dəriyə keçməməsinə diqqət yetirin.
3. Yanmış ərazini örtün və dərhal ən yaxın sağlamlıq mərkəzinə müraciət edin.
Yanıqlar üçün maz
Yanıqlar üçün tövsiyə edilən maz həm toxumaları bərpaedici olmalı, həm də yanıq izini minimuma endirməlidir. Bunlardan biri, ən çox bilinəni pantenol tərkibli maz və spreydir. Həssas nahiyəni nəmləndirir və regenerasiyanı sürətləndirir.
Daha təsirlisi kortizol tərkibli kremlər hesab olunur. Belə mazlar həkim-dermatoloq nəzarəti ilə istifadə edilməlidir.
Digər effektiv maz gümüş-sulfadiazin tərkibli olanlardır. Yanıqları tez müalicə etmək qabiliyyətinə malik olmaqla yanaşı, tətbiq olunduğu yerdə sürətli şəkildə qabıq əmələ gəlməsinə də səbəb olur. Bu səbəblə bu kremdən istifadə edərkən çox diqqətli olunmalı və qabıqlar heç vaxt qoparılmamalıdır.
Yanıqlar üçün heparin və allantoin kimi iki mühüm komponentdən ibarət olan maz toxumaların bərpasına olduqca müsbət təsir edir. Həm ləkələri, həm də zədələri bərpa etmək üçün gözəl vasitədir.
Dermatoloqa müraciət
Çapıq və ya yanıq izləri olan dəri toxumasının bərpası orta hesabla 1 il çəkir. 1 ilin sonunda hər hansı vasitələrin istifadəsinə rəğmən çapıq varsa, dermatoloqa müraciət etməyiniz məsləhətdir.
Dermatoloq çapıqları daha az görünən hala gətirəcək lazer müalicəsini tövsiyə edə bilər. Müayinəyə uyğun olaraq müalicə seanslarının sayı və çapığın nə qədər azala biləcəyinin təyini mümkündür. Çox köhnə və çox dərin çapıqlar daha az yox olduğu halda təzə və səthi çapıqlar bu müalicəyə demək olar ki, tamamilə cavab verir. Qabarıq çapıqlara kortikosteroid inyeksiyaları tətbiq oluna bilər. Nəzərəçarpan dərəcədə qabarıq yanıq izi və ya çapıqlara krioterapiya da müsbət təsir göstərir. Çapıqlar və yanıq izləri yuxarıda göstərilən üsullara cavab vermirsə, plastik cərrahi əməliyyatlar məsləhətdir.
