Gözaltı qaralar

Gözaltı qaralar və müalicəsi

Gözaltı qaralar və müalicəsi

Gözaltı qaralar gözümüzün alt hissəsində dərinin tünd görünməsinə verilən addır. Qan damarlarında və dəridə dəyişikliklərdən tutmuş hiperpiqmentasiya adlanan piqmentasiyanın artmasına qədər bir çox səbəblərdən yarana bilər.

Anadangəlmə, sonradan baş verən göz travmaları və s. nəticəsində meydana çıxan gözaltı qaralara həm kişi, həm də qadınlarda tez-tez rastlayırıq. Çox vaxt gözətrafı qaralma və gözaltı şişkinlik ilə müşayiət olunur və insanı olduğundan daha yaşlı göstərir. Lakin tək halda da kifayət qədər müşahidə edirik.

Yorğunluq gözaltı qaraların ən məntiqli izahı kimi görünsə də, bu vəziyyəti yaradacaq çoxsaylı amillər vardır. Əksər hallarda sağlamlıq problemi olmadan da meydana gəlir və heç bir tibbi müdaxilə tələb etmir. Ancaq estetik cəhətdən insanları narahat etdiyi üçün dermatoloqa müraciətlər kifayət qədər çoxdur.

Gözaltı qaralmanın səbəbi

Üzə zərbə almaq və ya bəzi estetik əməliyyatlar gözaltı qaralara səbəb ola bilər. Açıq və ya qapalı rinoplastika əməliyyatlarından sonra qısamüddətli də olsa yaranır və öz-özünə keçib gedir. Daim müşahidə edilən gözaltı qaraların ən ümumi səbəbləri aşağıdakılardır.

Yuxusuzluq

Həddindən artıq yorğunluq, kifayət qədər yatmamaq və ya normadan artıq yatmaq göz altında qaralmalar yarada bilər. Yuxusuzluq zamanı dəri solğunlaşır, nəticədə isə dərialtı tünd toxumalar və qan damarları nəzərəçarpacaq dərəcədə görünməyə başlayır. Paralel olaraq göz altında maye yığılması və şişkinlik də yarana bilər.

Yaş

Təbii yaşlanma prosesi gözaltı qaralmaların ümumi səbəbidir. İnsan yaşlandıqca dəri nazikləşir və elastikliyini itirir. Onun elastikliyini təmin edən dərialtı piy toxumasının və kollagenin miqdarı azalır. Nəticədə tünd rəngə malik qan damarları daha qabarıq görünür və gözaltı nahiyənin qaralmasına səbəb olur.

Göz yorğunluğu

Televizor, kompüter, planşet və telefon ekranına baxmaq gözlərin əhəmiyyətli dərəcədə gərginləşməsinə səbəb ola bilər. Bu gərginlik uzun müddət davam edərsə, göz ətrafındakı damarların genişlənməsinə, nəticədə isə gözətrafı və gözaltı nahiyənin qaralmasına gətirib çıxarır.

Allergiya

Bəzən allergik reaksiyalar və göz quruluğu gözaltı qaraların yaranmasına təkan verir. Allergik reaksiya inkişaf etdikdə bədəndə zərərli maddələr kimi qəbul edilən strukturlara cavab olaraq histaminlərin sintezi baş verir. Histamin gözlərdə qaşınma, qızartı və şişkinlik ilə yanaşı, qan damarlarının da genişlənməsinə səbəb olur. Qaşımaqla gözü və ətrafını cızmaq, sürtmək qaralmaları daha da pisləşdirə bilər.

Susuzlaşma

Susuzlaşma kifayət qədər maye qəbul edilməməsi səbəbindən bədənin maye balansının pozulmasıdır. Bu vəziyyət göz altında qaralmanın ümumi səbəbidir. Kifayət qədər su qəbul edilmədikdə, gözaltı dəridə mat və batıq bir görünüş yaranır. Çökmə göz ətrafındakı sümüyün dəriyə yaxın olmasından qaynaqlanır.

Günəşə həddindən artıq məruz qalma

Həddindən artıq günəşə məruz qalmaq dəriyə rəng verən melanin adlı piqmentin normadan artıq sintezinə səbəb olur. Nəticədə gözaltı dəridə də qaralma meydana çıxır.

Genetika

Əgər ailə üzvlərinin əksərində gözaltı qaralar varsa, nəslin digər fərdlərində də eyni vəziyyətin yaranma ehtimalı yüksəkdir. Bu vəziyyət uşaqlıqdan yarana və yaş artdıqca çoxala bilər.

Uşaqlarda gözaltı qaralması

Qeyd etmək lazımdır ki, uşaqlarda vəziyyət böyüklərə nisbətən fərqlidir. Onlarda gözaltı qaraların səbəblərini aşağıdakı kimi izah edə bilərik:

  • Susuzlaşma
  • Genetik faktorlar
  • Qidalanma
  • Xroniki sinus infeksiyası
  • Allergik reaksiyalar
  • Gözləri çox tez-tez ovuşdurmaq
  • İnfeksion göz xəstəlikləri
  • Ekzema
  • Soyuq
  • Açıq dəri tonuna sahib olmaq

Bütün bunlarla yanaşı uşaqlarda tənəffüs problemi zamanı gözaltı qaralar yarana bilər. Xüsusən tənəffüs yolu infeksiyası varsa, nəfəs almaqda çətinlik yaranır. Bu vəziyyətdə qan gözlərin altındakı kapilyarlarda toplanır və tünd görünüşə səbəb olur. Odur ki, uşaqlarda göz altında qaralmalar yarandıqda araşdırılması və lazımi müalicənin tətbiqi vacibdir.

Gözaltı qaralmalar üçün nə etməli?

Gözaltı qaralmalar üçün ediləcək ilk iş səbəbinin aşkar olunmasıdır. Hər hansı xəstəliklə əlaqəlidirsə, müvafiq müalicəsi aparılmalıdır. Əgər sırf dermatoloji problemdirsə, daha yüngül variantlarda ev şəraitində fərqli metodların tətbiqi mümkündür. Soyuq kompreslər, yatarkən yastığı hündür etmək, siqaret və içkinin azaldılması, normal yuxu və istirahət rejiminin bərpası kimi üsullar vəziyyətin irəliləməsinin qarşısını alır. Həmçinin dermatoloq məsləhəti ilə retinol, hidroxinon tərkibli kremlərin istifadəsi faydalıdır. Bütün bunlara cavab verməyən gözaltı qaralmalar üçün aşağıdakı dermatoloji prosedurlar həyata keçirilir.

  • Lazer müalicəsi
  • İşıq dolğusu tətbiqi
  • Prp, mezoterapiya və vitamin inyeksiyaları.

Lazer müalicəsi

Lazer müalicəsi zamanı göz altına lokal anestetik krem ​​çəkilir və sonra lazer skanına başlanır. Lazer şüaları ilə gözaltı qaralmaların rəngini açaraq daha estetik görünüş əldə etməyə çalışılır. Göz altındakı kapilyarların daha çox qan toplayıb genişlənməsi ləngiyir və dərinin damarlı, xoşagəlməz görüntüsü yaxşıya doğru dəyişir. Gözaltı dəri ən incə və ən həssas dəridir. Bu səbəbdən tətbiqlər çox diqqətlə edilməli və lazer şüaları düzgün tənzimlənməlidir. Bu prosedurlar qaralma və kapilyar problemindən asılı olaraq ya tək lazerlə, ya da kombinasiya şəklində həyata keçirilir. Ona görə seansların sayı da dəyişir. Ümumiyyətlə, tətbiq olunan seans sayı 1-dən 4-ə qədər davam edə bilər. Müalicə zamanı günəşdən qorunmaq çox vacibdir. Gözün altı və ətrafının günəş şüalarından qorunması və tədbir görülməsi müalicənin effektivliyini artıracaqdır.

İşıq dolğusu ilə müalicə

Qalıcılığı 4-6 ay davam edən bu metodun məqsədi konsentrasiyası azaldılmış bir dəri dolğusu ilə gözaltı qaralara işıq və parıltı verməkdir. Bunun sayəsində dəri rəngi açılır, həm görünüş daha estetik hala gəlir, həm də dolğu komponentinin sayəsində kollagen istehsalı canlanaraq daha parlaq bir görünüş əldə edilir. Prosedurlar lokal anesteziya ilə aparılır.

Prp, mezoterapiya və vitamin inyeksiyaları

Bu tətbiqlər ilə göz altındakı qaralmalar azaldılır, gözaltı dərinin ehtiyacı olan vitamin, mineral və zülallar yeridilərək kollagen və elastin istehsalı artır və tünd rəng açılır. Prosedurlar bir neçə seansa uğurlu nəticə verir.

Niyə gözümüzün altı qaralır?

Açıq dəri rəngi olan insanlarda hiperpiqmentasiya riski daha yüksəkdir və buna görə də onlarda gözaltı qaralmaların rastgəlmə tezliyi çoxdur. Bundan əlavə, risk aşağıdakı şərtlərin mövcudluğunda artır:

  • Günəş eynəyi taxmadığınız zaman
  • Çöldə olarkən göz ətrafına günəş kremi çəkməsəniz
  • Hamiləlik və menopoz kimi hormonal dəyişikliklər dövründə
  • Ailənizdə iltihabi xəstəliklər və ya vaxtından əvvəl qocalma varsa
  • Əgər anadangəlmə göz qapağı probleminiz varsa.

Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!