Dermoskopiya proseduru

Dermoskopiya proseduru

Dermoskopiya proseduru

Dermoskopiya son zamanlarda gündəlik dermatoloji müayinələrin vacib hissəsinə çevrilmiş bir prosedurdur. Başda melanoma olmaqla, qeyri-melanoma tipli dəri xərçəngləri, piqmentli və ya piqmentsiz dəri zədələnmələri, infeksion və iltihabi dəri xəstəliklərinin erkən diaqnostikasında, demək olar ki, bütün növ dermatoloji problemlərin aşkarlanması və müalicəsinin izlənilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Dermoskopiya nədir?

Dermoskopiya dermoskop adlı cihaz ilə aparaılan olduqca sadə diaqnostik texnikadır. Dermoskop müxtəlif gücdə işıq və böyütmə sistemlərindən ibarət olub ən əsası dəri bütövlüyünü pozmadan onun bütün təbəqələrini qiymətləndirməyə imkan verir. Sadə əl dermoskopundan mürəkkəb rəqəmsal sistemliyə qədər müxtəlif növləri vardır.

Dünyada ən çox yayılmış xərçəng növlərindən biri olan dəri xərçənginin diaqnostikasında məhz dermoskopiya prosedurundan istifadə edilir. Bədənin fərqli yerlərində əmələ gələn hər xal zərərli deyildir. Bununla belə, xalda asimmetrik görünüşün yaranması, ölçüsünün böyüməsi, rənginin dəyişməsi, iltihab, qızartı və ya qanaxma kimi problemlər dəri xərçənginin əlaməti ola bilər. Dəriyə rəng verən piqmentlərin bir yerə toplanması nəticəsində yaranan xallar zərərsiz olsa da, onun üzərindəki dəyişikliklər ciddi problemlərdən xəbər verir. Nevus adlanan xallarda meydana gəlməyə başlayan dəyişikliklər sürətlə irəliləyir. Bu zaman vəziyyəti qiymətləndirmək məqsədi ilə ən son texnoloji prosedurlardan sayılan dermoskopiyadan istifadə edilir.

Dermoskopiya ilə hansı xəstəliklərə diaqnoz qoyulur?

Dərinin səthi mikroskopiyasını həyata keçirən dermoskop cihazı xalların 10-100 dəfə böyüdülərək araşdırılmasını təmin edir. Dermatoloqların istifadə etdiyi bu cihaz dərinin səthini ətraflı şəkildə müşahidə etməyə kömək edir. Dermoskopiya ilə diaqnoz qoyulan xəstəliklər:

  • Dəri xərçəngi (bədxassəli melanoma)
  • Qeyri-piqmentli zədələr
  • Dəri parazitləri
  • Bədxassəli dəri törəmələri
  • Qeyri-düzgün dəri toxuması
  • Dəridə təzahür edən qan-damar problemləri

Dermoskopiya ilə müayinə necə aparılır?

Atipik xalların müşahidəsində əl dermoskopu ilə qiymətləndirmədən başqa elektron dermoskopik izləmə də aparılır. Bu sistemlərdə çəkilmiş elektron fotolar zədədə dəyişikliyin mövcudluğunu göstərə və melanomanın çox erkən diaqnozunu təmin edə bilər. Dəyişikliyin olmaması isə lazımsız biopsiya prosedurunun qarşısını alır.

Piqmentli zədə və xalların diaqnostikasında istifadə edilən elektron dermoskopiya sayəsində göz ilə görünməyən xalların böyüdülməsi, işıq altında araşdırılması asanlıqla mümküdür. Müşahidə mikroskopu olan dermoskop cihazı xal şəkillərini çəkərək rəqəmsal formada asanlıqla müqayisə aparmağa kömək edir. Proses aşağıdakı ardıcıllıq ilə davam edir:

  1. Əvvəlcə hər bir xalın ilkin vəziyyətinin dermoskopik görüntüsü çəkilir.
  2. Xallar onların yerləşdiyi yerə görə xəritələnir.
  3. Müəyyən bir müddət gözlənilir və xaldakı dəyişikliklərdən sonra yenidən dermoskopik görüntü çəkilir.
  4. Birinci və ikinci şəkillər müqayisə edilir.
  5. Müayinələrdən sonra dəyişikliklər riyazi olaraq hesablanır və dəri xərçəngi riski təyin edilir.

Dermoskopiya ilə hər hansı bir zədəyə baxdıqda, əsasən bunları görürük:

  1. Rənglər: qırmızı, mavi, qəhvəyi, qara və s.
  2. Strukturlar: piqment şəbəkəsi, damar strukturları, ləkələr, radial formalı görünüş və s.

Dermoskopiyada rənglərin və strukturların qiymətləndirilməsi son dərəcə vacibdir. Çünki bunlar zədənin necə inkişaf etdiyini, onun mənşəyi və dəridəki dərinliyini göstərir. Bundan əlavə, zədədə rəng və strukturların simmetrik və ya asimmetrik paylanması nevus və bədxassəli melanoma arasındakı fərqi müəyyən edir.

Dermoskopiya prosedurunun önəmi və üstünlükləri

Dermoskopiya təcrübəli dermatoloq tərəfindən aparıldıqda xəstəliklərin düzgün diaqnoz qoyulma sürəti artır, səhv diaqnoz və lazımsız biopsiya, laboratoriya müraciətləri minimuma enir. Bu səbəbdən melanoma, atipik xal və melanoma olmayan dəri xərçənglərində dermoskopiyanın əhəmiyyəti danılmazdır.

Yüksək riskli xəstələrdə bütün bədən müayinə edilərək şübhəli nahiyələr tək-tək dermoskopik qiymətləndirilir. Bu qrupa aşağıdakı şəxslər daxildir:

  1. İmmuniteti aşağı salan preparatlardan istifadə edənlər
  2. Atipik xallara sahib olan şəxslər
  3. Genetik faktorlar təsirli olduğu üçün ailəsində dəri xərçəngi olanlar
  4. Dərilərində şiddətli günəş yanığı olanlar
  5. Yaşlı insanlar
  6. Bədənlərində çoxlu xal olanlar
  7. Günəşə davamlılığı az olan insanlar
  8. Ağ dərili, qırmızı saçlı və ya çilləri olan insanlar. Tünd dərili insanlarda ovuc içi, ayaq altı, ağız içi və ya dırnaq altında yarana bilər.
  9. Keçmişdə dəri xərçəngi, melanoma və displastik nevus sindromu diaqnozu qoyulanlar.

Yüksək risk daşımayanlarda klinik müayinədən sonra yalnız seçilmiş hissələrin dermoskopiya müayinəsi aparılır.

Dəri xərçəngi risk qruplarında müşahidə olunan simptomlar

Hər xalı olan şəxs dəri xərçəngi təhlükəsi ilə üz-üzədir demək doğru sayılmaz. Bəs risk qrupuna daxil olanlarda hansı əlamətlər müşahidə olunur? Əsas simptomları aşağıdakı kimi sıralaya bilərik:

  • Xalın ölçüsünün böyüməsi (diametri 5 mm-dən çox)
  • Rənginin tündləşməsi
  • Xal ətrafında deformasiyanın olması (girintili-çıxıntılı)
  • Asimmetrik pozğunluqlar (xallar rəng və formaca oxşar deyilsə)
  • Xal üzərində iltihablaşma
  • Qanaxma
  • Xal sayının sürətlə artması
  • Dərinin və ya xalın şişməsi
  • Dərinin soyulması
  • Dəridə qabarıqların əmələ gəlməsi
  • Qaşınma
  • Ağrı.

Dermoskopiya metodunun üstünlüklərini aşağıdakı kimi sıralaya bilərik:

  1. Dəridəki tünd xal və ləkələri dəqiq şəkildə, mikroskopik olaraq araşdırmaq imkanı verir.
  2. Vizual müayinə ilə diaqnoz yalnız 50% doğru qoyulduğu halda, dermoskopiya ilə 90% dəqiq diaqnoz təyini mümkündür.
  3. Melanosit piqmentli dəri zədələrini bir-birindən asanlıqla fərqləndirməyə imkan verir.
  4. Xoş və bədxassəli dəri dəyişikliklərinin diaqnozu qoyulur.
  5. Dəri xərçəngi riski olan insanlara erkən diaqnoz qoymağa imkan verir.
  6. Əvvəlki və sonrakı xal və ləkələri müqayisə etməyi asanlaşdırır.
  7. Doğru diaqnoz və müalicənin təyin edilməsində ən təsirli üsuldur.
  8. Aşkar edilmiş bədxassəli xalların dəridən cərrahi yolla çıxarılması haqqında istiqamət verir.
  9. Etibarlıdır və praktik şəkildə tətbiq olunur.

Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!