Ziyil HPV-nin (Human Papilloma Virus) səbəb olduğu yoluxucu xəstəlikdir. İnsandan-insana təmas, hovuz və sauna kimi ümumi yerlər və ya paylaşılan əşyalar vasitəsilə ötürülür. İnsan bədənində məskunlaşdıqdan və uzun inkubasiya dövrü keçirdikdən sonra (orta hesabla 1-6 ay) ziyil bədənin hər hansı bir yerində müxtəlif yumşaqlıqda, əsasən ət rəngli törəmə kimi ortaya çıxır.
Ən çox əl, ayaq, üzdə yerləşən ziyillərə genital və anal nahiyələrdə də kifayət qədər rast gəlirik. Xüsusilə uşaq və yeniyetmələrdə bu xəstəliyi tez-tez müşahidə edirik. Əksər hallarda zərərsiz olsa da, estetik baxımdan narahatedicidir və bəzi ziyil növləri ağrı, qaşınma, qızartı kimi şikayətlər yaradır.
Ziyil xəstəliyinin yaranma səbəbləri
Dünyada geniş yayılmış ziyil xəstəliyinə əhalinin təxminən 10-da 1-də rast gəlinir. Məktəbyaşlı uşaqlarda onun rastgəlmə tezliyi 2 dəfə çoxdur. Ziyili daha çox ətlə təması tez-tez olan insanlarda, məsələn, qəssablarda və ya immun çatışmazlığından əziyyət çəkən şəxslərdə müşahidə edirik. Ziyillərə səbəb olan HPV virus birbaşa insandan-insana, bəzən də dəsmal və ya ülgüc kimi əşyalar vasitəsilə dolayı yol ilə ötürülə bilər. Bu səbəbdən ziyilli insanlarla yaxın təmasdan və şəxsi əşyaların birgə istifadəsindən çəkinmək lazımdır. Məsələn, ayağında ziyil olan şəxsə məxsus başmaq geyinməklə xəstəlik asanlıqla yayılır. Ziyilli bir şəxsin həmin bölgəsi ilə təmasda olan sağlam bir insanda xəstəliyin yaranması həmişə müşahidə edilməsə də, ehtimalı yüksəkdir. Hər bir fərdin bu virusa qarşı immun reaksiyası unikaldır və bu, ziyillərin əmələ gəlib-gəlməyəcəyini müəyyən edir. Bəzi HPV növləri – genital ziyillər cinsi əlaqə yolu ilə ötürülür.
Virusun bədənə daxil olması ilə ziyilin inkişafı arasında dörd həftədən altı-səkkiz aya qədər bir müddət vardır. Dəridə hər hansı zədə, yara varsa, yoluxmaq daha da asanlaşır. Eyni zamanda dəri nəm və ya yaş olarsa, infeksiya riskini artırır. Bu səbəbdən hovuz, sauna və hamam kimi mühitlərdə ziyil tez yoluxur. Müxtəlif yollarla xəstəliyin ötürülməsinin qarşısını almaq həmişə mümkün olmaya bilər, lakin əlləri mütəmadi olaraq təmiz saxlamaq, dərinin hər hansı bir sahəsi zədələndikdən sonra yaranı təmizləmək və digər insanların ziyilləri ilə təmasdan qaçmaq lazımdır. Eyni zamanda bədəninin hər hansı bir yerində ziyil olan insan onu bədəninin digər hissələrinə də yaya bilər. Bu vəziyyətin qarşısını almaq üçün ziyili cızmamaq, quru saxlamaq, təraş zamanı ülgücün ziyillə təmasından qaçınmaq, sağlam və ziyilli dəri səthində istifadə ediləcək əşyaları ayırmaq kimi müxtəlif tədbirlər görülə bilər.
Ziyil xəstəliyinin növləri
Ziyil xəstəliyinin müxtəlif növləri məlumdur. Bir neçəsini qısaca nəzərdən keçirək:
Sadə ziyillər (Verruca plantaris)
Sadə ziyillər HPV-1, 2, 4, 27 və 57 səbəbi ilə yaranır. Bu ziyillər adətən ayaqlardakı təzyiq nöqtələrində görünür. Tək-tək və ya bir neçə ziyilin birləşməsi şəklində təzahür edə bilir.
Yastı ziyillər (Verruca plana)
Yastı ziyillər (HPV-3, 10, 28 və 41) yüngül hiperkeratoz (dəri qalınlaşması) kimi görünür. Adətən uşaqlarda və gənclərdə müşahidə edirik. Tipik olaraq yastı, solğun (tünd dərili şəxslərdə hiperpiqmentasiyaya uğramış), bir qədər qırmızı və ya qəhvəyi, 2-4 mm ölçülü qabarıqlıq şəklindədir. Onlar, adətən çoxsaylı olub üz, boyun, ovuc, bilək, dirsək və dizlərdə toplanır. Ən çox yerləşdiyi yerlər əllərin üstü, alın, yanaqlar, burun və xüsusilə də ağız ətrafıdır.
Sapşəkilli ziyillər (Verruca filiformis)
Sapşəkilli ziyillər daha çox kişilərdə, üz və boyunda olur. Üzdə, xüsusən də dodaqlarda, göz qapaqları və burun qanadlarında qeyri-müntəzəm yerləşirlər. Uşaqlarda ağız və dodaq ətrafında, həmçinin əllərdə müşahidə edirik.
Anogenital ziyillər (Verruca anogenitalis, Condyloma acuminata)
Otuzdan çox HPV növü genital ziyillərlə əlaqələndirilir. Xəstələr tez-tez bir neçə HPV növünə yoluxurlar. Condyloma acuminata ən aşağı onkogen riskli HPV-6 və 11, daha az hallarda isə HPV-2, 4, 16, 18 və 30 təsiri ilə baş verir. Ziyillər müxtəlif klinik görünüşlərə malik ola bilər. Ən çox rast gəlinən kiçik, hamar səthli, qəhvəyi qabarıqlıqdır və adətən çoxsaylıdır. Bundan əlavə, gül kələm kimi genişlənmiş çəhrayı-qəhvəyi qanaxma verən ziyil kimi də təzahür edə bilər. Onlar nəhəng ölçülərə qədər çata bilər. Anogenital ziyilləri bəzən ağ rəngli, kiçik saplı çıxıntılar şəklində də görə bilərik.
Bədənin müxtəlif hissələrinə görə ziyil xəstəliyi
Ziyillərə bədənin demək olar, əksər nahiyələrində rast gələ bilərik. Bir neçəsi haqqında ilə məlumat yazımıza davam edək.
Barmaqda ziyil
Barmaqlarda xüsusən, əl barmaqlarında ziyilin rastgəlmə tezliyi çoxdur. Çünki yayılması daha əlverişlidir. Bu səbəbdən ziyilli insanlarla tez-tez əl sıxmaq onlara yoluxmağa səbəb ola bilər. HPV virusu barmaqdakı yara, cızıq kimi zədəli nahiyələrdən daxil olur. Barmaqda ziyili quruluşca qabarıq – dəridən qalxan və ya yastı, sərt konsistensiyada müşahidə edirik. Müalicə edilməzsə, böyüyür və ya yaxın nahiyələrə yayılır.
Cinsi orqanda ziyil
Cinsi orqanda ziyil simptomların üzə çıxmayacağı qədər kiçik ola və dəri səthindən qalxmaya bilər. Əlamətləri aşağıdakı kimi görünür:
- Genital bölgədə dəri qalxması
- Xüsusən immun sistemi zəif olan insanlarda gül kələminə bənzəyən qabarmalar
- Genital bölgədə qaşınma və narahatlıq hissi, bəzi hallarda ağrı
- Cinsi əlaqə zamanı qanaxma (nadir əlamət)
- Kişilərdə sidiyin haçalanmış şəkildə ifrazı.
Ayaqda ziyil
Virus ehtiva edən bədən hissələri ilə təmasda olması və ayağın zədələnmiş nahiyələrindən virusun keçməsi nəticəsində ayaqlarda ziyil əmələ gəlir. Onlar səpələnmiş, kiçik ola və ya bir-biri ilə birləşərək çox böyük ölçülərə çata bilər. Ayaqlarda ziyil aşkar edildikdə, dermatoloqa müraciət etmək lazımdır, çünki ziyillərin ölçüsü və sayı tədricən arta bilər. Həssas və ağrılı olması, ayaq üstə durarkən və ya gəzərkən narahatlıq yaratmaları mümkündür.
Ziyilin dərman və mazlar ilə müalicəsi
Ziyilin dərman və mazlar ilə müalicəsi onun yerli müalicə üsuluna aiddir. Tərkibində salisil turşusu olan dərmanlar ümumi ziyillərin ilk müalicə variantıdır. Salisil turşunun istifadəsi ilə bu tip ziyillərin 50%-dən çoxunun sağaldığı müəyyən edilmişdir. A vitamini olan izotretinoin daxilə qəbulu yastı ziyillərə müsbət təsir göstərir. Bundan başqa müalicələri gücləndirmək üçün immuniteti artıran omeqa-3, beta-qlükan və sink kimi qida əlavələri də faydalıdır. Xaricdən ziyillərə tətbiq olunaraq istifadə edilən dərmanlar onları əridib dərinin immunitetini artıraraq təsirli olur. Bu məqsədlə işlənən preparatların effektivliyi ən azı 6-8 həftə istifadə edilməklə müəyyənləşdirilir.
Ziyilin aşındırıcı turşulu losyon və mazlar ilə müalicəsinə daxildir:
- chantharidin
- podofillin
- 5-flüorourasil
- imiquimod
- formaldehid
Dərmanlar kömək etmədikdə və ya qısa müddətdə nəticə istənildikdə xüsusi prosedurlar həyata keçirmək lazımdır:
- Elektrocərrahiyyə
- Krioterapiya
- Lazer

