Liken Planus

Liken Planus

Liken Planus

Liken Planus (LP), dəri və selikli qişalara təsir edən, autoimmun mənşəli, xroniki iltihabi xəstəlikdir. Bu xəstəlik bədəndə qaşınan, bənövşəyi papulalar, ağız boşluğunda ağ xəttlər (Wickham striae) və dırnaq deformasiyaları ilə özünü göstərə bilər.

Liken Planus kimlərə təsir edir?

Liken Planus qadın və kişilərdə rast gəlinə bilər, lakin ən çox 30-60 yaş arası insanlara təsir edir. Xəstəlik yoluxucu deyil və genetik meyllilik göstərə bilər.

Liken Planusun səbəbləri

Liken Planusun dəqiq səbəbi tibbə tam məlum olmasa da, lakin onun autoimmun xəstəlik olduğu ehtimal edilir.

Liken Planusun əsas səbəbləri arasında bunlar yer alır:

  • İmmunitet sisteminin hiperaktivliyi – Bədənin öz toxumalarına hücum etməsi.
  • Genetik faktorlar – Ailədə liken planus tarixi olan insanlarda daha çox görülür.
  • Stress və emosional faktorlar – Xəstəliyin gedişatına təsir edə bilər.
  • Virus infeksiyaları – Hepatit C ilə əlaqəli olduğu göstərilmişdir.
  • Dərman reaksiyaları – Xüsusilə qızıl preparatları, malyariya əleyhinə dərmanlar və qeyri-steroid iltihab əleyhinə dərmanlar likenoid reaksiyalara səbəb ola bilər.

Liken Planusun simptomları

Liken Planus fərqli bölgələrdə fərqli simptomlarla özünü göstərə bilər:

1) Dəri Liken Planusu

Dəri Liken Planusu
  • Biləklər, dirsəklər, aşağı bel və ayaqlarda simmetrik şəkildə yerləşən bənövşəyi, düz papulalar.
  • Wickham striae (ağ xəttlər) ilə örtülü ləkələr.
  • Qaşınma (bəzən şiddətli ola bilər).
  • İltihabdan sonra dəridə tünd ləkələrin qalması (hiperpigmentasiya).

2) Oral Liken Planus

Oral Liken Planus
  • Ağız selikli qişasında ağ xəttlər və ləkələr.
  • Diş ətlərinin qızarması və həssas olması.
  • Şiddətli hallarda ağrı və xoralar.

3) Genital Liken Planus

Qadınlarda vaginal və vulval törəmələr, ağ xəttlər və eroziyalar.

Genital Liken Planus

4) Kişilərdə glans penis və sünnət dərisində qızartı və ağ xəttlər.

Kişilərdə glans penis

5) Liken Planopilaris (saç dərisinə təsir edən forması)

Liken Planopilaris
  • Saç tökülməsi və saç follikullarının iltihabı.
  • Baş dərisində kiçik, qırmızı, qaşıntılı ləkələr.
  • Çapıqlı saç tökülməsi (ocaqlı dazlıq) inkişaf edə bilər.

6) Dırnaq Liken Planusu

Dırnaq Liken Planusu
  • Dırnaq yatağının incəlməsi və qırılması.
  • Dırnaq lövhəsində çatlar və qırmızı-qəhvəyi rəng dəyişiklikləri.
  • Bəzi hallarda dırnaqların tamamilə itməsi (anikiya).

Liken Planusun diaqnozu

Liken Planusun diaqnozu əsasən klinik əlamətlərə və dermatoloqun müayinəsinə əsaslanır.

Dermatoloq diaqnoz üçün təyin edə bilər:

  • Dəri biopsiyası – Dəridən kiçik bir nümunə götürülərək mikroskop altında araşdırılır.
  • İmmunofluoressensiya testi – Ağız liken planusundan şübhələnildikdə istifadə olunur.
  • Yaxma testi (Patch testing) – Əgər pasiyentin dental plomb materiallarına (amalgam) qarşı allergiyası varsa, bu test tövsiyə edilir.

Liken Planusun fəsadları

  • Vulvada və vajinada yerləşən Liken Planusun müalicəsi çətin ola bilər. Çapıq və şiddətli ağrıya səbəb ola bilər. Cinsi orqanlardakı yaralar cinsi əlaqəni ağrılı edə bilər.
  • Təsirə məruz qalan dəri və dırnaqlar sağaldıqdan sonra da geridə bir qədər tünd ləkə qala bilər.
  • Ağız yaraları qidalanmaya təsir edə bilər. Oral Liken Planus ağız xərçəngi riskini artırır.
  • Nadir hallarda Liken Planus qulaq kanalına təsir göstərir. Müalicə olunmazsa, eşitmə itkisinə səbəb ola bilər.

Liken Planusun müalicəsi

Liken planus üçün spesifik bir müalicə yoxdur, lakin simptomların idarə edilməsi mümkündür. Müalicə strategiyaları xəstəliyin şiddətindən və yerindən asılı olaraq dəyişir.

1. Yerli Kortikosteroidlər

  • Dəri və Oral Liken Planusda qaşınma və iltihabı azaltmaq üçün istifadə olunur.
  • Tövsiyə olunan dərmanlar: Klobetazol, betametazon kremləri.

2. Sistemik kortikosteroidlər

  • Yayılmış və ya şiddətli Liken Planus hallarında prednizolon kimi oral steroidlər təyin edilə bilər.

3. İmmunosupressant dərmanlar (İmmun bloklayan kremlər)

  • Takrolimus və Pimekrolimus – Xüsusilə Ağız və Genital Liken Planusunda effektiv ola bilər.

4. Retinoidlər (A Vitamini törəmələri)

  • Acitretin və izotretinoin – Dəri Liken Planusunun şiddətli formalarında istifadə edilir.

5. Antihistaminiklər

  • Setirizin və Loratadin – Qaşınmanı azaltmaq üçün tövsiyə olunur.

6. Fototerapiya (UVB və PUVA terapiyası)

  • Şiddətli Dəri Liken Planusu hallarında istifadə edilir.

7. Alternativ müalicə yolları

  • Vitamin D əlavələri
  • Qidalanma dəyişikliyi – Şəkər və turşulu qidaların məhdudlaşdırılması tövsiyə olunur.
  • Stressin idarə edilməsi – Meditasiya və yoga kimi üsullar faydalı ola bilər.

Liken Planusun qarşısının alınması

Liken Planusun tam qarşısını almaq mümkün deyil, lakin bəzi tədbirlər xəstəliyin təkrarlanma ehtimalını azalda bilər:

  • Sağlam qidalanmaq – Antioksidantlarla zəngin qidalar istehlak edin.
  • Diş sağlamlığına diqqət etmək – Ağızda liken planus varsa, diş plomb materiallarını dəyişdirmək lazım ola bilər.
  • Günəşdən qorunmaq – Günəş işığı bəzi pasiyentlərdə ağırlaşmaya səbəb ola bilər.
  • Stressi idarə etmək – Meditasiya və relaksasiya texnikalarından istifadə edin.

Liken Planus haqqında tez-tez verilən suallar

1. Liken Planus yoluxucudurmu?

Xeyr, Liken Planus yoluxucu deyil.

2. Liken Planus xərçəngə çevrilə bilərmi?

Uzunmüddətli eroziv Liken Planus ağız və genital bölgədə xərçəng riskini artıra bilər.

3. Liken Planus müalicə edilə bilərmi?

Xəstəliyin qəti müalicəsi yoxdur, lakin simptomları kontrol altına almaq mümkündür.

4. Liken Planus təkrar edə bilərmi?

Bəli, bəzi hallarda xəstəlik illər sonra yenidən meydana gələ bilər.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!
Hamiləliyin əlamətləri