İmpetiqo xəstəliyi

İmpetiqo xəstəliyi

İmpetiqo xəstəliyi

İmpetiqo, pustulalar və bal rəngli qabıqlı eroziyalarla səciyyələnən ümumi, səthi, yüksək yoluxucu bakterial dəri infeksiyasıdır. Epidermisin səthi təbəqələrinə təsir göstərir, adətən Staphylococcus aureus  və Streptococcus pyogenes (A qrupu beta – hemolitik streptokoklar) səbəb olur. Yaraların və ya digər dəri səpgilərinin eyni patogenlərlə ikincil infeksiyası “impetiginizasiya” adlanır.

İmpetiqo xəstəliyi kimlərə təsir edir?

İmpetiqo, ən çox uşaqlara təsir edir, lakin hər yaş qrupundan olan fərdlərə təsir edə bilər. Birbaşa təmas yolu ilə ötürülür.

İmpetiqo xəstəliyinin növləri və simptomları

İmpetiqo xəstəliyinin növləri və simptomları:

  • Streptokokk İmpetiqosu sin. Foks İmpetiqosu (impetigo streptogenes sin. impetigo tilburi fox). Kəskin, dəri və selikli qişaların irinli zədələnməsidir. Ən çox uşaqlarda və gənc qadınlarda rast gəlinir. Səpgi elementləri və onların təkamülü – fliktenalar – tük follikulları ilə əlaqəsi olmayan, nazik, zərif örtüklü, bulanıq möhtəviyatlı, 0,5-1,0 sm olçülü, eritematoz haşiyəli, periferiya boyunca artan və birləşməyə meylli olan satelit səpgili, səthi pustulalardır. Sağalma prosesində zərif, yastı, sarımtıl-yaşıl rəngli qartmaqlar, səthi, dairəvi formalı, çapıq qoymayan eroziyalar periferiya boyunca laylanan haşiyəli ikincili eritematoz ləkələr, hiper və hipopiqmentasiyalar formalaşır
  • Yarığabənzər İmpetiqo sin. Yalama (angulus infectiosu – perleche). Adətən tək, xətti formalı fliktena, ağız kənarında lokalizə olur, ağrılı olması ilə xarakterizə olunur. Sağalma prosesində zərif, sarımtıl-yaşıl rəngli qabıqlar, çapıq qoymayan səthi xətti eroziya, periferiya boyunca laylanan epiteli, ikincili eritematoz ləkə formalaşır.
  • Bullyoz İmpetiqo (impetigo bullosus). Streptokokk impetiqosunun abortiv formasıdır, çox vaxt ətraflarda lokalizə olunur. Böyük ölçüdə, nazik örtüklü, tezliklə irinə keçən şəffaf möhtəviyyatlı qovuqcuq və qovuqlu səpgilərlə xarakterizə olunur. Sağalma prosesində qanlı və sarımtıl rəngli qabıqcıqlar, çapıq qoymayan sulanan eroziyalar, periferiya boyunca laylanan epiteli, ikincili ləkə formalaşır.
  • Dırnaqətrafı İmpetiqo sin. Dolama (paronychia streptogenez sin. panaricium superficiale). Nalşəkilli formada fliktena, adətən tək olur, dırnaqətrafı yastıq nahiyəsində lokalizə olunur, ağrılı, ödemli, böyük ölçüsü ilə xarakterizə olunur. Sağalma prosesində eroziya açılır, səthi seroz-irinli qartmaqla örtülür, qopandan sonra çapıq qoymadan eroziya epitelləşir. Limfadenit, limfangit və dırnaq lövhələrinin qopması ola bilər.
  • Vulqar İmpetiqo (impetiqo vulqaris). Gərilmiş, sarımtıl–yaşıl möhtəviyyatlı, yetkin, nazik örtüklü, periferiya boyunca eritematoz haşiyəyə malik çoxsaylı fliktenalardır. Sağalma prosesində qanayan, çəhrayımtıl-qırmızı rəngli, irin ifraz edən, periferiyaya doğru böyüməyə və birləşməyə meylli olan, çapıq qoymayan eroziyalar açılır. Böyük həcmli, kövşəkləşmiş, ovuntulu, yaşıl çalarlı sarımtıl rəngli, qopduqda eritematoz-skvamoz ləkələr əmələ gətirən qartmaq formalaşır.

İmpetiqo xəstəliyinə nə səbəb olur?

İmpetiqo xəstəliyinə Staphylococcus Aureus və daha az rast gəlinən Streptococcus Pyogenes səbəb olur.

İmpetiqo xəstəliyinə yoluxmuş birinin yaraları ilə və ya toxunduğu əşyalarla – paltar, yataq dəsti, dəsmal və hətta oyuncaqlarla təmasda olduqda İmpetiqo xəstəliyinə səbəb olan bakteriyalara məruz qala bilərsiniz.

İmpetiqo xəstəliyinin risk faktorları

İmpetiqo xəstəliyi riskini artıran amillərə aşağıdakılar daxildir:

  • Yaş. İmpetiqo, ən çox 2-5 yaş arası uşaqlarda müşahidə olunur.
  • Yaxın təmas. İmpetiqo, məktəblər və uşaq baxçaları kimi yerlərdə və dəri təması olan idmanlarla asanlıqla yayılır.
  • İsti, rütubətli hava. İmpetiqo infeksiyalarına daha çox isti, nəmli havalarda rast gəlinir.
  • Cızılmış dəri. İmpetiqo xəstəliyinə səbəb olan bakteriyalar dəriyə kiçik bir kəsik, həşərat dişləməsi və ya səpgi yolu ilə daxil olur.
  • Digər sağlamlıq şərtləri. Atopik Dermatit (eqzema) kimi digər dəri xəstəlikləri olan uşaqlarda impetiqo xəstəliyinin inkişafı riski daha yüksəkdir. Yaşlı insanlar, diabetli insanlar və ya immuniteti zəif olan insanlarda da impetiqo xəstəliyinin inkişafı riski daha yüksəkdir.

İmpetiqo xəstəliyinin fəsadları

İmpetiqo xəstəliyi, təhlükəli deyil və infeksiyanın yüngül formalarında yaralar ümumiyyətlə çapıqsız sağalır.

İmpetiqo xəstəliyinin nadir hallarda baş verən ağırlaşmalarına aşağıdakılar daxildir:

  • Selülit. Həyati təhlükəsi olan infeksiya dərinin altında yatan toxumalara təsir edib, nəticədə limfa düyünlərinə və qana yayıla bilər.
  • Böyrək problemləri. İmpetiqo xəstəliyinə səbəb olan bakteriya növlərindən biri böyrəklərə də zərər verə bilər.
  • Çapıq. Ektima ilə əlaqəli yaralar izlər buraxa bilər.

İmpetiqo xəstəliyinin diaqnozu

  • İmpetiqo xəstəliyinin diaqnozu, dəri xəstəlikləri üzrə ixtisaslaşmış həkim – dermatoloq tərəfindən dərinin müayinəsi əsasında qoyulur.
  • İmpetiqo xəstəliyinin diaqnozu üçün laboratoriya testləri tələb olunmur. Lakin, antibiotik müalicəsinə baxmayaraq yara sağalmazsa, dermatoloq yaranın üzərindəki mayedən nümunə götürə və hansı antibiotikin ən təsirli olduğunu öyrənmək üçün test edə bilər. Çünki impetiqo xəstəliyinə səbəb olan bakteriyalar bəzi antibiotiklərə qarşı müqavimət göstərə bilər.
  • Diaqnoz qəti deyilsə (xüsusilə bullyoz impetiqo üçün) və ya müalicəyə davamlıdırsa, dermatoloq nadir hallarda biopsiya təyin edə bilər.

İmpetiqo xəstəliyinin müalicəsi

İmpetiqo xəstəliyinin müalicəsi zamanı ilk növbədə qabıqları təmizləmək lazımdır. Çünki xəstəliklə birlikdə tətbiq edilən dərmanlarla meydana gələcək qabıqlanmanın özü mikroblar üçün dam rolunu oynayır və infeksiyanın sağalmasını gecikdirir.

Dəriyə gündə 2-3 dəfə antiseptik (povidin yod, hidrogen peroksid və s.) vurulur. Yerli tətbiq olunan antibiotik kremlərdən 5 gün istifadə etmək ilk müalicə variantıdır. İnfeksiyanın yayılmaması və tez sağalması üçün yara bağlanır. Əgər simptomlar çox ağır və qabarıqdırsa, üçdən çox yara varsa, ağırlaşma riski yüksəkdirsə, infeksiya geriləməzsə və ya fəsadlar inkişaf edirsə, dəri həkimi oral antibiotik terapiyasına başlayır.

İmpetiqo xəstəliyinin qarşısının alınması

  • Təsirə məruz qalan ərazilərə toxunmaqdan çəkinin.
  • Yaxşı əl gigiyenasına əməl edin; kremlərdən əvvəl və sonra əllərinizi yuyun.
  • Təsirə məruz qalan əraziləri yumaq və qurutmaq üçün hər dəfə təmiz bir parça istifadə edin.
  • Dəsmalları və ya paltarları paylaşmayın.
  • Geyim və yataq dəsti hər gün dəyişdirilməlidir; isti suda yuyun.
  • Başqaları ilə yaxın təmasdan çəkinin – uşaqlar, səpgiləri qabıqlanana və ya ən azı 24 saat müalicə alana qədər məktəb və ya uşaq bağçasına getməməli və evdə qalmalıdırlar.

Qeyd!

  • İmpetiqo xəstəliyi adətən ciddi fəsadlar olmadan özlüyündə sağalır.
  • Müalicə olmadan, impetiqo xəstəliyi adətən 2-3 həftə ərzində sağalır; müalicə ilə səpgilər 10 gün ərzində yox olur.
  • Postinflamatuar hipopiqmentasiya və ya hiperpiqmentasiya baş verə bilər, lakin çapıqlar nadirdir.

Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!