Dəri bədənimizi xaricdən əhatə edən ən böyük orqandır. Buna görə də ətraf mühitdə baş verən bütün dəyişikliklər ən birinci ona təsir göstərir. Temperatur, rütubət fərqləri həssas insanlarda xəstəliyə qədər gətirib çıxarır. Bu məqaləmizdə məhz dərinin mövsüm xəstəlikləri haqqında danışacağıq.
Dərinin mövsüm xəstəliklərindən bəhs edərkən ilk növbədə soyuq fəsillərdə yaranan və ya kəskinləşən narahatlıqları nəzərdən keçirək. Çünki artıq payız fəsli öz təsirini göstərməyə başlayıb. Payız-qış mövsümündə aktivləşən əsas dermatoloji xəstəliklər hansılardır?
1) Rosacea xəstəliyi
Hava dəyişikliyi ilə həssaslaşan dəridə kapilyarlarla əlaqəli xəstəlik – Rosacea təkan ala bilər. Yaxud bu şikayətiniz varsa, daha da inkişaf etmə ehtimalı yaranır. Dermatoloqunuz ilə məsləhətləşdikdən sonra dərinizi qidalandıran, sərt faktorlara qarşı qalxan yaradan və dəridə iltihabı aradan qaldıran xüsusi hazırlanmış məhsullardan istifadə edə bilərsiniz.
2) Saç kəpəyi
Dərinin mövsüm xəstəliklərindən biri də saç kəpəyidir. Dəyişən iqlim şəraiti baş dərinizə də təsir edir. Yayda daha yağlı olan baş dərisində bakteriya və göbələk inkişafı üçün əlverişli şərait yaranır. Yanaşı olaraq soyuq hava dərini qurudur. Bütün bu amillərin birlikdə təsirindən artan kəpək problemi nəzarətdən çıxa bilər. Hətta qaşlarda da kəpəklənmə problemi aktuallaşır. Dermatoloq həkiminizlə məsləhətləşərək mövsümi kəpək üçün düzgün həlli tapmağınız önəmlidir.
3) Keratoz pilaris
Bu xəstəliyin əsas simptomu toyuq dərisi görünüşüdür. Daha çox mövsümi keçidlərdə və soyuq havalarda ortaya çıxan bu vəziyyət genetik də ola bilər. Əgər siz vaxtaşırı toxuma pozğunluqları yaşayırsınızsa, axşam tətbiq edəcəyiniz retinol tərkibli vasitə dərinin səthini yaxşılaşdırmağa kömək edəcəkdir.
4) Ekzema

Ekzemalı dəriniz varsa, dərinin mövsüm xəstəlikləri kateqoriyasına daxil edə bilərik. Soyuq hava, içəri və çöl arasındakı temperatur fərqi, külək qaşınma, quruluq və iltihabın artmasına səbəb ola bilər. Dermatoloqunuzla məsləhətləşdikdən sonra atopik dərilər üçün xüsusi olaraq hazırlanmış məhsullarla qulluq etməyiniz məsləhətdir.
5) Seboreyalı dermatit (yağlı ekzema)
Bədənin üz, sinə ortası, baş dərisi kimi yağlı nahiyələrində qırmızı fonda sarı qabıqlarla inkişaf edən dəri xəstəliyidir. Dərinin mövsüm xəstəliklərinə aid olan bu narahatlıq yayda azalır, qışda isə artır. Uzunmüdətli isti vannalar və aşağı rütubət xəstəliyi daha da gücləndirir. Xəstələrin qışda müalicələrini daha diqqətlə davam etdirmələri tövsiyə olunur. Nəmləndirici kremlər müvafiq təmizləyicilərlə yuyunduqdan sonra istifadə edilməlidir.
6) Qaşınma və quruluq
Quruluq, adətən qışda artan qaşınma səbəbidir. Havada rütubətin azalması, isti su ilə vannalar, stressin artması, təmizləyici kimi istifadə olunan məhsullar qaşınmanı daha da artıra bilər. Xəstələrə tez-tez və isti su ilə çimməmək tövsiyə olunur. Hər vannadan sonra nəmləndirici istifadə edilməlidir. Quru və qaşınan dəriniz varsa, bol su için, tomat pastası və ədviyyatlı yeməklərdən uzaq durun. Həmçinin hamam və sauna da tövsiyə edilmir.
7) Reyno xəstəliyi
Dərinin mövsüm təsiri ilə kəskinləşən xəstəlikləri arasında Reyno da var. Əl və ayaq barmaqlarında qan dövranı pozğunluğu nəticəsində yaranan bu xəstəlik soyuq aylarda daha da kəskinləşir. Barmaqlarda qanqrenaya qədər inkişaf edən Reyno damarların həddindən artıq daralması və bununla bağlı əlamətlərin meydana çıxmasına səbəb olur. Bir və ya bir neçə barmaq qəflətən ağrı və ya tam hiss itkisi, sonra göyərmə, daha sonra qızartı ilə solğunlaşır. Barmaqlarda yanma, sızıltı şikayətləri müşahidə olunur. Müalicə zamanı xəstənin əl və ayaqlarını travmadan və soyuqdan qorumaq tövsiyə olunur. Əlcək və qalın corablardan istifadə soyuqdan qorunmağa kömək edir.
İndi isə gəlin, dərinin isti mövsüm xəstəliklərinə nəzər salaq. Günəş yanıqları, göbələk infeksiyaları, səpgilər, günəş allergiyası, dərin qırışlar, dəri ləkələri, xərçəngönü dəri keratozları və dəri xərçəngi yay aylarında artan xəstəliklərdəndir. Günəş yanıqlarından qorunmaq üçün ilk növbədə, açıq havaya çıxmazdan 15 dəqiqə əvvəl dermatoloqun tövsiyə etdiyi günəş kremi dərinin günəşə məruz qalan bütün nahiyələrinə çəkilməli və açıq havada ən azı 2 saatdan bir təkrarlanmalıdır. Bundan əlavə, fiziki cəhətdən yüngül geyinməlisiniz. Günəş yanığı bədxassəli dəri xərçəngi olan melanomanın inkişaf riskini artıran ən əhəmiyyətli amillərdəndir.
Temperaturun artması nəticəsində tər ifrazı artır və bunun nəticəsində xüsusilə baş, boyun, qoltuqaltı və qasıq kimi nahiyələrdə səpgi meydana gəlir. Buna qıcıqlanma, yanma və ağrı ilə kimi əlamətlər də qoşulur. Həmin nahiyələrdə tər ifrazını azaltmaq üçün hər gün dermatoloqun tövsiyə etdiyi bədən yuma gelləri və ya dəri quruluşunuza uyğun sabunlarla duş almaq və sonra dəriyə uyğun nəmləndirici krem tətbiq etmək əsas ehtiyat tədbirlərindəndir. Bəzən səpgilərin dərəcəsindən asılı olaraq inkişaf edə bilən ikincili infeksiyalar zamanı tibbi müalicə tələb oluna bilər.
Dərinin mövsüm xəstəlikləri arasında əsas yeri nəmin artması nəticəsində yaranan dəri və dırnaq göbələkləri tutur. İlk növbədə ayaq barmaqları arasında, qasıqda, qoltuqaltında, boyun nahiyələrində tez-tez müşahidə olunan qaşınma, bəzən qaşınmayan qırmızı, qəhvəyi, ağ rəngli səpgilər şəklində təzahür edir. Yenə də dərini quru saxlamaq əsas məqamdır və dermatoloqunuzun zəruri hesab etdiyi topikal və ya sistemli müalicəyə dərhal başlamaq vacibdir.
Günəş şüalarının tətiklədiyi ən ciddi dəri xəstəlikləri xərçəngönü dəri keratozları, günəş ləkələri, nəticədə melanoma və melanoma olmayan dəri xərçəngidir. Bundan qorunmanın əsas prinsipi ultrabənövşəyi şüalara məruz qalmanın qarşısını maksimum dərəcədə almaqdır. Günəş yanıqlarından qorunmaq və dərinizə uyğun günəş kremi istifadə etmək mütləqdir. Gündə ən azı 2 litr su içməlisiniz. Siqaret və spirt istifadə edilməməlidir. Dermatoloqun tövsiyə etdiyi üz təmizləyici məhsullar və nəmləndirici kremlər yay aylarında müntəzəm olaraq istifadə edilməlidir. Dəridə qış aylarından qalan ölü təbəqələr və qara ləkələr üçün mütəxəssis nəzarəti altında yumşaq pilinq tətbiqi edilə bilər.
