Papilloma (HPV virusu) görüntüsü

Papilloma (HPV virusu)

Papilloma (HPV virusu)

Papilloma (HPV virusu) adətən cinsi yol ilə keçən geniş yayılmış bir infeksiyadır. Cinsi aktiv insanların təxminən 50% -i həyatlarının hansısa bir mərhələsində HPV-yə yoluxur. Xəstəlik bəzən simptomsuz inkişaf edir və bu, insanda HPV infeksiyası olmadığı anlamına gəlmir. Onun bəzi növləri hətta xərçəngə qədər gətiib çıxara bilir.

Papilloma növünə müvafiq olaraq ağız, boğaz, cinsiyyət orqanları daxil bütün bədənə təsir göstərir. HPV-nin ötürülməsi təkcə cinsi əlaqə ilə olmur. Genital nahiyələrin təması, anal, vaginal, oral seks və cinsi nahiyə ilə təmasda olan dəsmal, paltar və s. kimi vasitələrin ümumi istifadəsi ilə də keçə bilər.

Papilloma nədir?

Papilloma nedir sualına ən sadə cavabımız – dəri və selikli qişalarda təzahür edən virusdur. Əl, üz, bədənin başqa yerlərində rast gəlinən HPV-nin növü fərqli, genital nahiyədə meydana çıxan isə fərqlidir. Sonuncunu qadınlarda papilloma virusu və kişilərdə papilloma virusu kimi ayırd edirik. Bu haqda ayrıca məlumat verəcəyik. Virusun 200-dən artıq növü məlumdur. Onlardan 60-a yaxını insanlara yoluxur və 15 növü kanserogen – xərçəng yarada bilən hesab olunur. Genital ziyillərin 90%-i HPV tip 6 və 11-dən qaynaqlanır ki, bunlar tez-tez təkrarlansa da, xərçəng inkişafı üçün aşağı riskli növlərdir. Bu növlər həmçinin göz, burun, ağız və nəfəs borusunda da papillomaya səbəb olur. Araşdırmalara görə, uşaqlıq boynu xərçənglərinin demək olar ki, hamısı insan papilloma virusu səbəbindən yaranır. HPV peyvəndinin tətbiqindən sonra uşaqlıq boynu xərçənginin rastgəlmə tezliyi xeyli azalmışdır. Cinsi orqanlarda ziyil olan xəstə bu məlumatı partnyoru ilə paylaşmalı və onun müayinəsi də təmin edilməlidir.

Papilloma nedir – əksər insanlarda heç bir problem və ya xəstəlik törətməyən bir virusdur da deyə bilərik. Yoluxmuş insanların 90 faizində proses 2 il ərzində geriyə inkişaf edir. Bununla belə, bəzi HPV növləri əhəmiyyətli dərəcədə narahatlıq yaradan sağlamlıq problemlərinə səbəb ola bilər, məsələn: genital ziyillər, liken planus (qırmızı yastı dəmrov), uşaqlıq boynu xərçəngi, anal xərçəng, penis xərçəngi, vulva və vagina xərçəngi, bəzi baş və boyun xərçəngləri. Bəs papilloma spontan reqressiyası – yəni öz-özünə geriyə inkişafının qarşısını alan və yayılmasına səbəb olan nədir? Bunda rol oynayan bir neçə əsas amili aşağıdakı kimi sıralamaq olar:

  • İmmunitet sisteminin zəifləməsi
  • HPV-dən başqa təkrarlanan genital xəstəliklər
  • Travmalar
  • Kimyaterapiya və radioterapiya müalicəsi
  • Steroid tipli dərmanların uzunmüddətli istifadəsi
  • Siqaret çəkmək
  • Yorğunluq, yuxusuzluq
  • Hamiləlik
  • Fol turşusu, beta-karotin çatışmazlığı

Papilloma (HPV) mikroskopik quruluşuna görə nedir  – DNT tərkibli virusdur. Yoluxduqdan sonra ziyil inkişafı üçün inkubasiya dövrü 2 həftə ilə 8 ay arası, genital ziyillər üçün adətən 3 həftədən bir neçə aya qədər, xərçəng inkişafı üçün isə 10-30 il arasında dəyişir.

Papilloma yaradan səbəblər

Papilloma yaradan başlıca səbəblər və risk faktorlarına aşağıdakılar daxildir:

Cinsi partnyorların sayı: Cinsi partnyorlarınız nə qədər çox olarsa, genital HPV infeksiyasına yoluxma ehtimalınız bir o qədər yüksəkdir. Çoxsaylı partnyoru olan şəxs ilə cinsi əlaqədə olmaq da HPV-yə yoluxma riskini artırır.

Yaş: Əl, ayaq və barmaqlarda olan ziyillər daha çox uşaqlarda müşahidə olunur və bilinən cinsi yolla keçən infeksiyadan fərqlidir. Genital ziyillərə daha çox yeniyetmə və gənclərdə rast gəlinir.

Zəifləmiş immun sistemi: İmmuniteti aşağı olan insanlarda HPV infeksiyası riski daha yüksəkdir. İİV/QİÇS və ya orqan nəqlindən sonra istifadə edilən immunosupressiv dərmanlar immunitet sistemini zəiflədə və papilloma üçün əlverişli şərait yarada bilər.

Zədələnmiş dəri, dəri yaraları: Deşilmiş və ya açılmış dəri sahələri ziyillərin inkişafına daha çox meyillidir.

Ümumi ictimai yerlər: İctimai duş və ya üzgüçülük hovuzu kimi yerlər HPV infeksiyası riskini artırır.

Dəridə papilloma

Dəridə papilloma demək olar, bütün dəri hissələrində rast gəlinə bilər. Ziyillər yerləşdiyi nahiyə, quruluşuna görə bir-birindən fərqlənir. Gəlin, növlərinə nəzər salaq.

Verruca vulgaris

Verruca vulgaris geniş yayılmış ziyil növüdür və bütün bədəndə görünə bilər. Ancaq ən çox əl və ayaqlarda yaranır. Dırnaqların kənarlarına deyil, barmaqlarda yerləşməyə meyillidir. Onların ölçüsü noxud böyüklüyünə qədər çata bilər. Dırnaq yatağına yerləşən ziyillərin başqa bir adı periungual ziyildir. Bir sancaq başı şəklində başlayıb yavaş böyüyür, zaman keçdikcə qruplaşa və gül kələmi görünüşünə sahib ola bilər. Bu tip ziyillərə, adətən dırnaq yemə vərdişləri olan uşaq və gənclərdə rastlanır.

Verruca plana

Verruca plana dəridə yastı formada təzahür edən papilloma növüdür. İşıq mikroskopunda, verruca vulgaris və verruca plana çox oxşar görünür. Yastı ziyillər xüsusilə üz, bud və qollarda yaranır. Bəzi hallarda ilk baxışdan nəzərə çarpmayacaq qədər kiçik olurlar. Onlar çəhrayı, qəhvəyi və ya sarımtıl rəngdə ola bilər.

Qadınlarda papilloma virusu

Qadınlarda papilloma virusu anus ətrafı, vulva, vagina, uşaqlıq boynunda (serviksdə) yerləşir. Bəziləri selikli qişalarda deyil, dəri səthində təzahür edir. HPV ilə yoluxduqdan sonra genital bölgədə ziyil əmələ gəlir. Ziyillər tək və ya çoxsaylı, müxtəlif formalarda (yastı və ya gül kələm şəklində dəridən qalxmış), fərqli rənglərdə (çəhrayı, qırmızı, ağ və ya boz) olur. Onlar, adətən qaşınma və ağrı vermir. HPV növlərinin bəziləri uşaqlıq boynunda mənfi dəyişikliklərə səbəb olur. Bu yüksək onkogen formalar, əsasən tip 16, tip 18, tip 31, tip 33, tip 35 və tip 51-dir. Papillomaya qarşı peyvənd olunmaq uşaqlıq boynu xərçəngi riskini azaldır. HPV peyvəndi üçün tövsiyə olunan yaş həddi daxilində olmayan insanların cinsi əlaqədə qorunmaları mütləqdir. Genital bölgə ilə təması olan vasitələri paylaşmamalı, gigiyenaya riayət etməlidirlər. Siqaret çəkmək uşaqlıq boynu xərçəngi riskini artıran faktordur. Siqaret çəkənlər mütləq siqareti buraxmalıdırlar. Onlar skrininq proqramında iştirak etməli və 30 yaşından sonra müntəzəm olaraq Pap-smear testindən keçməlidirlər. Cinsi əlaqədən sonra vaginal qanaxma, əlaqə zamanı ağrı, postmenopauzal qanaxma, çanaq ağrısı və ya menstruasiya xaricində vaginal qanaxma kimi simptomlar uşaqlıq boynu xərçənginin əlaməti ola bilər.

Kişilərdə papilloma virusu

Kişilərdə papilloma virusu təhlükəlilik baxımından qadınlarda papilloma virusu qədər qorxulu deyildir. Ziyil şəklində meydana gəlirsə, bu, yoluxucudur və müalicə edilməlidir. Əgər ziyil forması almırsa, yoluxucu deyildir. Kişilərdə genital ziyillər bütün penis boyunca, həmçinin xaya, qasıq, baldır və anus ətrafında yerləşə bilər. Daha nadir olsa da, bəzən anus və ya sidik kanalında rast gəlinir, hətta sidik kanalından irəliləyərək sidik kisəsinə çata bilir. Sidik kisəsində aparılan transuretral rezeksiya materialında kondiloma – HPV ziyilinin patoloji nəticəsi kimi aşkarlanmışdır. Kişilərdə papilloma virusu əsas, effektiv müalicəsi cərrahiyyə və ya bəzi enerji sistemləri ilə ziyillərin məhv edilməsinə yönəldilmişdir. Bu məqsədlə krioterapiya (maye azotla dondurma), elektrokoterizasiya və lazer sistemlərindən istifadə olunur. Xüsusilə kişilərdə bu enerji sistemləri ilə papilloma müalicəsi bir neçə seansa nəticə verir. Lokal anesteziyadan sonra elektrokoterizasiya və ya lazerin köməyi ilə kondilomalar məhv edilir. Elektrokoterizasiya yüksək tezlikli elektrik cərəyanı ilə istilik effekti yaradaraq təsir göstərir və papilloma müalicəsi zamanı ən çox istifadə edilən uğurlu metoddur. Lazer xüsusilə sidik yollarında və bütün digər nahiyələrdə asanlıqla tətbiq oluna bilər. Papilloma geniş sahədə yayılıbsa və ya ölçücə iri kütlələr əmələ gətirirsə (genital ziyillər), müalicəsi cərrahi rezeksiya ilə tövsiyə olunur.

Boyunda papilloma virusu

Boyunda papilloma virusu fərqli səbəblər ilə əlaqədar immun sistemin zəiflənməsi fonunda (stress, qadınlarda hamiləlik və menopauza dövrü, yaşla bağlı) yaranır. Ölçü və rəngi digər nahiyələrdəkinə oxşardır. İlk nəzərəçarpan üzvlərdən olduğundan boyunda papilloma virusu estetik cəhətdən xeyli narahatlıq yaradır. Müalicəsini etmək üçün ən təsirli metodlar lazer və krioterapiyadır. Ev şəraitində hansısa vasitələri sınaqdan keçirərək vaxt itirmədən dermatoloq həkimə müraciət etmək ən doğrusudur. Bəzən zamanla papilloma sayı və ölçüsü artır. Bir sözlə, həkimə müraciət etmək üçün uzun müddət gözləməyə ehtiyac yoxdur. Boyunda papilloma virusu xaricə tətbiq edilən destruksiya prosedurları ilə yanaşı, daxilə də müəyyən müalicə tələb edir. Buna immun sistemi gücləndirmək üçün vasitələri misal çəkə bilərik.

Papilloma (HPV) analizinin qiyməti

Papilloma (HPV) analizinin qiyməti ən çox soruşulan suallardan biridir. Bu xəstəlik üçün xüsusi bir analiz forması yoxdur. Lakin HPV-nin səbəb olduğu uşaqlıq boynu xərçənginin erkən diaqnostikası üçün Pap-smear testi mövcuddur. O, kişilər, 30 yaşadək qadınlar və hamilələr üçün göstəriş deyil. Papilloma virusu çox zaman əlamətsiz təzahür etdiyindən sırf qadınlar üçün Pap-smear testi xərçəngin profilaktikasında əvəzolunmaz rol oynayır.

Papilloma (HPV virusu) virusunun görüntüləri


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!