Dermatit nədir sualına qısaca cavab versək, adından da göründüyü kimi dərinin iltihabi xəstəliyidir. Bir çox səbəbi olan dermatit müxtəlif formalarda təzahür edə bilər. O, adətən şişkin, qızarmış, qaşınan və səpgili dəri şəklində özünü göstərir. Xəstəlik zamanı dəridə qabarıqlıq, qansızma, qabıqlanma və pul-pul tökülmə ola bilər. Dermatit narahatlıq yaratmasına baxmayaraq yoluxucu olmayan bir vəziyyətdir. Özünə qulluq və müəyyən dərman preparatları dəri iltihabını müalicə etməyə kömək edir. Dermatit zamanı dəridəki qaşınma hissinin yüngüldən şiddətliyə qədər dəyişməsi mümkündür. Bəzi dermatit növləri uzun müddət davam edə, digərləri mövsüm, təmas və ya stress təsiri ilə arta bilər. Xəstəliyin bir qisminə uşaqlarda, digərinə isə böyüklərdə daha çox rast gəlinir. İndi isə əsas dermatit növləri, əlamətləri, yaranma səbəbləri və müalicəsi haqqında məlumatlar ilə yazımıza davam edək.
Dermatit növləri
Hər bir dermatit növləri bir-birindən fərqli görünə və bədənin müxtəlif hissələrində baş verə bilər. Ən çox rast gəlinən dermatit növləri aşağıdakılardır.
Atopik dermatit (ekzema)
Körpəlikdə ən çox üzdə (əksər hallarda yanaqlarda), baş dərisində, diz və dirsəklərdə, qulaqların arxasında müşahidə edilir. İki yaşdan yuxarı uşaqlarda daha çox dirsəyin ön hissəsi, dizin arxası, boyun, bilək və topuq nahiyələrinə təsir edir. Dermatit təsirinə məruz qalan hissələrdə dərinin qalınlaşması, kobud, qabarıq forma alması və çatların aydın görünməsi müşahidə olunur. Yeniyetməlik dövründə dərinin qaşınması və qalınlaşma daha ön plandadır. Yaralar ən çox bilək və topuqlarda, qol və ayaqların daxili səthlərində, göz ətrafında, üzdə, boyunda və bədənin yuxarı hissəsində olur. Bu dövrdə ekzema yalnız əllərdə də yarana bilər. Adətən dəridə zolaqlı görünüş, qalınlaşma və rəng tündləşməsi kimi dəyişikliklər müşahidə edilir.
Kontakt dermatit
Kontakt dermatit insanlar arasında tez-tez rast gəldiyimiz, həyat keyfiyyətini aşağı salan dermatit növlərindəndir. Müəyyən bir kimyəvi maddəyə həssas olan insanlarda dərinin bu maddə ilə birbaşa və ya dolayı təması nəticəsində baş verir. Nikel, kobalt kimi metallar, dəriyə tətbiq olunan bəzi dərmanlar, rezin, sement, sintetik yuyucu vasitələr və kosmetika kontakt dermatitin səbəbləri arasındadır. Səbəbi müəyyən edildikdən sonra xəstəliyin tez-tez təkrarlanmasının qarşısını almaq mümkündür. Kontakt dermatitin yaranmasında həm fərdin genetik xüsusiyyətləri, həm də yaşadığı bölgə və ətraf mühitin ekoloji faktorları rol oynayır. Dəri dəyişiklikləri əllərin üst hissəsi, boyun, göz qapaqları və yanaqlar, daha inkişaf etmiş hallarda ovuclarda yaranır. Təsirə məruz qalan dəri sahələrində qaşınma, quruluq, qızartı, şişkinlik, ağrı, qabıqlanma, qabarma, pulcuq və çatlar əmələ gəlir. Bu, kifayət qədər kimyəvi maddə ilə qəfil təmasdan sonra bir neçə saat ərzində yaranan yaralar şəklində olur. Bəzən isə az miqdarda maddəyə uzunmüddətli məruz qaldıqdan sonra günlərlə davam edən yaralar kimi təzahür edir.
Kontakt dermatitin üç növü var:
- allergik
- irritan
- fotokontakt.
Fotokontakt dermatit digər növlərindən daha az rastlanır. Bu, hansısa dəriyə qulluq məhsulunun tərkibindəki aktiv maddələrin günəş işığına məruz qalarkən qıcıqlanmaya səbəb olması nəticəsində baş verən bir reaksiyadır.
Allergik kontakt dermatit müvafiq maddənin dəri ilə təmasda olmadığı nahiyələrdə də yaranır. Dəri ilə təmasda kontakt dermatitə səbəb olan maddələr təsadüfən ağızdan və ya inhalyasiya yolu ilə orqanizmə daxil olarsa, əvvəllər yaraların çıxdığı dəri nahiyələrində kəskinləşmələr, əl ekzeması yarana bilər.
İrritan dermatit ən çox yayılmış dermatit növləri arasındadır. Dəri qıcıqlandırıcı bir maddə ilə təmasda olduqda baş verir. Bu, adətən turşu və ya qələvi tərkibli aşındırıcı xüsusiyyətə malik maddə, nikel, kobalt tipli metal, hansısa bitki, yuyucu məhsul və s. ola bilər. Tikinti, təmizlik işçiləri, aşpazlar, bir sözlə, eyni vasitənin təsirinə tez-tez və uzun müddət məruz qalan insanlarda irritan dermatit yaranma ehtimalı yüksəkdir.
Seboreya dermatiti
Seboreya dermatiti yağlı dəridə inkişaf edir və qızartı, qaşınma, dərinin üst təbəqəsinin qalınlaşması, quruması, qopub tökülməsi ilə xarakterizə olunur. Seboreya dermatitinin körpə və böyüklərdə yaranmasına görə 2 növü var. Körpələrdə, adətən ilk üç ayda başlayır və bir yaşa qədər geriyə inkişaf edir. Böyüklərdə isə yeniyetməlik dövründən sonra ortaya çıxır. Kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Körpə və böyüklərdə seboreya dermatiti müxtəlif lokalizasiyalarda, fərqli klinik formalarda təzahür edir. Körpələrdə baş dərisi və müxtəlif bədən nahiyələri – qol, dirsək, diz və boyun dərisində qalın, sarı və yağlı qabıq formasında kəpəyə səbəb olur.
Böyüklərdə baş dərisi, üz və gövdəni əhatə etməsinə görə bölünür. Seboreya dermatiti ən çox saç və tüklü dəri sahələrinə təsir göstərir. Qaşlar, burunun yanları, yanaqlar, qulaqların içərisi və qulaq arxasında müşahidə edilir. Qaş və kirpiklərdə kəpəyə səbəb ola bilər. Kişilərdə saqqal nahiyəsində tük follikulunun iltihabı şəklində görünə bilər. Bədəndə isə döş qəfəsinin aşağı və ortasında, qarın nahiyəsində, nadir hallarda isə qoltuqaltı və qasıq nahiyələrində baş verə bilər.
Dərmatit müalicəsi
Dermatitin müalicəsi simptomların növündən, inkişaf dərəcəsi və səbəbindən asılıdır. Bəzi hallarda dəriniz 1-3 həftədən sonra öz-özünə təmizlənə bilər. Heç bir yaxşılaşma müşahidə edilmədikdə, dermatoloqa müraciət etmək mütləqdir. Dermatit müalicəsində istifadə olunan vasitələri aşağıdakı kimi sıralaya bilərik.
- Antihistamin difenhidramin kimi allergiya və qaşıntıları azaltmaq üçün dərmanlar.
- Fototerapiya – zədəli dəri nahiyələrinin nəzarət olunan miqdarda işıqlandırmaya məruz qalması.
- Qaşıntı və iltihabı aradan qaldırmaq üçün hidrokortizon tipli steroid tərkibli topikal kremlər.
- Quru dərilər üçün krem və ya losyonlar.
- Qaşıntıları aradan qaldırmaq üçün yulaf vannaları.
Dermatit müalicəsi zamanı yanaşı infeksion prosesin olub-olmamasına diqqət yetirmək lazımdır. Əgər varsa, antibiotik və ya antifunqal dərmanların istifadəsinə ehtiyac yaranır.
Dermatit növlərinə uyğun şəkildə dəriyə qulluq da müalicədə önəmlidir. Bunu aşağıdakı kimi tətbiq etmək olar. Bəzi hallarda stress zamanı xəstəlik alovlana – daha aktiv hala gələ bilər. Akupunktur, masaj və yoqa kimi alternativ müalicələr stresi azaltmaqda faydalıdır. Reaksiyaya səbəb olan qidaların aradan qaldırılması kimi dəyişikliklər simptomları idarə etməyə kömək edir. Bəzi hallarda dermatit müalicəsində D vitamini və probiotik pəhriz əlavələri də faydalı təsir göstərir. Dərini qıcıqlandıran vasitələri müəyyən etdikdən sonra onlar ilə təması kəsmək də vacib nüanslardandır.
